Sual: İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq, icarəçi tərəfindən icarəyə götürülmüş və istifadə nəticəsində korlanmış cihazların və avadanlıqların (qalıq qiymətlər bəlli deyil) təmiri icarəçinin öhdəliyindədir. Təmir edən şirkət icarəçiyə e-qaimə təqdim edib. Bu halda təmirə xərclənmiş vəsait icarəçinin xərclərinə daxil edilə bilərmi?
Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.
Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax: