2025-ci il üçün sonuncu vergi güzəştləri hansılardır?

Məlum olduğu kimi vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, Vergi Məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Onu da qeyd etmək mümkündür ki, vergi və digər dövlət ödənişlərini vermək ölkə konstitusiyası ilə müəyyən edilmiş başlıca vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bununla yanaşı, dövlət tərəfindən fiziki və hüquqi şəxslərin statusu, əhalinin müəyyən həssas qruplarına, həmçinin sahibkarlıq fəaliyyətinə dəstəyin təmin edilməsi məqsədilə vergi və digər ödənişlər üzrə müəyyən güzəştlər və ya azadolmalar da tətbiq edilməkdədir. Bu mövzu çərçivəsində 2025-ci ilin sonuna başa çatan və dövlət tərəfindən qanunvericiliklə müəyyən edilmiş başlıca güzəşt və azadolmaların siyahısını təqdim edirik:

  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 8000 manatadək hissəsində gəlir vergisinin 0 faiz dərəcəsilə tutulması, həmçinin 200 manatadək gəlirlərindən 3%, 200 manatdan yuxarı hissədə 10% sosial sığorta haqqının tutulması
  • Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisinin 8000 manatadək hissədə 0 faiz dərəcəsilə tutulması
  • Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə səlahiyyətli orqan tərəfindən verilən maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad olması
  • Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsinin ƏDV-dən azad olması
  • Səlahiyyətli orqanın (qurumun) yaratdığı sənaye parkında digər səlahiyyətli orqanın müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq təsdiqedici sənəd əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalının 2026-cı il mayın 1-nə ƏDV-dən azad olması
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində səlahiyyətli orqanın müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad olması
  • İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad olması
  • Səlahiyyətli orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad olması
  • Müvafiq təsdiqedici sənəd əsasında səlahiyyətli orqanın (qurumun) yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalının ƏDV-dən azad olması
  • Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq səlahiyyətli orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə  əmlak və torpaq vergisini ödəməkdən azad olma.

Qeyd etmək lazımdır ki, müvafiq güzəşt və azadolmalar üzrə müddətin uzadılması qanunvericilikdə düzəlişlər həyata keçirildikdən sonra mümkündür.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Bəzi vergi ödəyicilərinin vəzifələri dəyişdi: qaydalar, məlumatlar

Banner