110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib

vergi orqanı müraciət,Məlum olduğu kimi, Prezidentin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.

Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti göstərən şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin (30 faizi) qaytarılması üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcı fiziki şəxsə Qaydaların tələblərinə uyğun e-qaimə-faktura tərtib edir, alıcı isə öz növbəsində aldığı e-qaimə-fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq edir. Bundan sonra alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun ödənişləri həyata keçirmək üçün Hökümət Ödəniş Portalının “Kommunal” bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsinə daxil olur. Eyni zamanda, alıcının fərdi qaydada banka yaxınlaşaraq ödənişi həyata keçirmək imkanı mövcuddur. Burada FİN və qaimənin nömrəsi barədə məlumatları daxil etməklə ödənişlər edilir. Sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə edilərək ƏDV-nin geri qaytarılması ilə bağlı portal vasitəsilə müraciət olunur.

Müraciət avtomatik qaydada vergi orqanına daxil olur və müvafiq risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt tərtib olunur və 2 iş günü müddətində alıcının elektron kabinetinə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda, xüsusilə ipoteka ilə alındıqda, fiziki şəxslərlə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilir. Bu zaman vəsaitin daşınmaz əmlaka sərəncam müqavilələrinin mötəbərliyini və hüquqi baxımdan icrasının tamlığını təmin etmək məqsədilə tərəflərin biri-birinə ödəməli olduqları pul məbləğləri notariusun bankda açdığı depozit hesabı vasitəsilə köçürülür. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdə, alıcı müvafiq e-qaimə-fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin müvafiq qaydada əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb etməlidir.

Banner

İndiyədək portal üzərindən ümumilikdə 1939 müraciət daxil olub, 110 müraciət vergi orqanı tərəfindən təsdiqlənib və yaxın zamanda vəsait vətəndaşların hesablarına köçürüləcək.

Mənbə: vergiler.az