Xarici investisiyalı sahibkarlıq subyektinin müraciət imkanları asanlaşdırılacaq

birbank biznes

Xarici investisiyalı sahibkarlıq subyektiXarici investisiyalı sahibkarlıq subyektinin Azərbaycanda kommersiya qurumu təsis etmə proseduru üzrə müraciət imkanları asanlaşdırılacaq.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə bildirib ki, bununla bağlı qeydiyyat prosedurları haqqında məlumatların əcnəbi dildə müvafiq elektron informasiya daşıyıcılarında əlçatanlığı təmin olunacaq.

“İzahları əldə edən sahibkarlıq subyekti artıq buna razılıq verdiyi təqdirdə öz apostil verilmiş və Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının rəsmi mənbəyində yerləşdirilmiş reyestrdə olan sənədlər haqqında məlumatı bizə ötürəcək. Qeydiyyat üçün müraciət imkanını təmin etməklə, sahibkarlıq subyekti həmin sənədlərin Azərbaycan dilinə tərcüməsinin rəsmiləşdirilməsi üçün iradə ifadəsini elektron mühit üzərindən bizə bildirəcək. Nəticə etibarilə sənədlər Elektron Notariat İnformasiya Sisteminə daxil olacaq, notarius tərəfindən onların eyniləşdirilməsi aparılacaq”, – deyə Leyla Bərxudarzadə qeyd edib.

Ədliyyə Nazirliyinin rəsmisi əlavə edib ki, sənədlər qaydasında olduğu təqdirdə, vergi xidmətinin sahibkarlıq subyektinə əlçatanlığı təmin ediləcək. Bununla da eyniləşdirilməsi tam təmin edilən sənədlərin vergi xidməti tərəfindən qeydiyyat üçün qəbulunda risklərin qarşısı alınmış olacaq.

Mənbə: vergiler.az