Əmək Məcəlləsinin 43-cü maddəsinin “a” bəndinə əsasən, işçinin məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsi haqqında məlumatların əmək müqaviləsində qeyd olunması tələb edilir. Bəs bu məqam ƏMAS altsistemində formalaşan elektron əmək müqavilələrində necə əksini tapər?
Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.
Azərbaycan Respublikasının 20 noyabr 2020-ci il tarixli 199-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci hissəsinin “a” bəndində “sosial və digər sığorta” sözləri “məcburi dövlət sosial sığorta və digər icbari sığorta” sözləri ilə əvəz edilib. Həmin Qanunla Əmək Məcəlləsinə işçilərin icbari tibbi sığortası ilə bağlı yeni maddə də əlavə olunub.
Məcəllənin 307-1-ci maddəsinə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” Qanunla müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
Həmçinin, Əmək Məcəlləsinə 1 saylı Əlavənin 6.2-ci bəndində ikinci halda “sosial” sözü “məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, tibbi sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari” sözləri ilə əvəz edilib.
Əmək müqaviləsinin nümunəvi formasında işçinin məcburi dövlət sosial sığorta məbləğlərinin əl ilə yazılması tələb olunur. Əlavənin 6.1-ci bəndinə əsasən, işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay __________ məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, __________ məbləğdə əlavə sığorta edilir.
“Sosial sığorta haqqında” Qanuna əsasən, işçilərin işlədiyi təşkilatların kateqoriyasına görə hesablanan sosial ayırma fərqli hesablanır. Qanunun 14.3-cü maddəsinə əsasən, 14.4-cü maddənin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
– sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
– sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digar gəlirlərinin 3 faizi.
“Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsində göstərilib ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
Sığorta haqqına cəlb edilən aylıq gəlir sosial sığorta haqqı dərəcəsi cəmi sığortaolunanın gəlirlərindən tutulan sığortaedənin vəsaiti hesabına ödənilən 200 manatadək 25 faiz 3 faiz 22 faiz 200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi
ƏMAS altsistemində isə məcburi dövlət sosial ayırmalarının faizlə yox, məbləğlə daxil edilməsi tələb olunur.
Misal 1
Dövlət qurumunda çalışan işçinin tarif (vəzifə) maaşı 500 manatdır. Bu zaman işçi (sığortaolunan) tərəfindən ödənilən sığorta haqqı 15 manat (500 x 3%), işəgötürən (sığortaedən) tərəfindən hesablanan məbləğ isə 110 manat (500 x 22%) təşkil edəcək.
Misal 2
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən təşkilatda çalışan işçinin tarif (vəzifə) maaşı 500 manatdır. Bu halda məcburi dövlət sosial ayırmalarının hesablanması fərqli olacaq. Belə ki, işçiyə görə hesablanan məcburi dövlət ayırma məbləği 36 manat, işəgötürən üçün isə bu məbləğ 89 manat təşkil edəcək:
6 + (500 – 200) x 10% = 6 + 30 = 36 manat;
44 + (500 – 200) x15%) = 44 + 45 = 89 manat.
Mənbə: vergiler.az












