“Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə 9 aprel 2025-ci il tarixində qüvvəyə minib.
Mərkəzi Bankın məlumatına görə, Meyarların yeni redaksiyasında bankların sistem əhəmiyyətliyinin müəyyən edilməsi üzrə indikatorların çəki dərəcələrinə yenidən baxılıb, bəzi yeni indikatorlar əlavə olunub, hesablama metodologiyası təkmilləşdirilib. Əvvəlkindən fərqli olaraq, yenilənən Meyarlar, sistem əhəmiyyətli bankları başlıca olaraq onların aktivlərinin həcmi əsasında deyil, maliyyə və iqtisadi sistemdə iştirak səviyyəsini daha dəqiq əks etdirən digər indikatorlar da nəzərə alınmaqla müəyyən etməyə imkan verir. Belə ki, Meyarlarda, bankların ölçüsü göstəricisinin hesablanmasına depozit portfelinin həcmi indikatoru daxil edilib, əvəzolunmazlıq göstəriciləri olaraq bankda əmanət hesabına malik fiziki və hüquqi şəxslərin sayı, unikal müştəri sayı, bankın bankomatlarının, xidmət etdiyi POS-terminallarının, habelə filiallarının sayı indikatorları əlavə olunub.
Mənbə: vergiler.az