Ölkəmizin iqtisadi inkişaf strategiyasında sahibkarlıq fəaliyyətinə dəstək və biznes mühitinin inklüziv inkişafı üçün mühüm hədəflər müəyyənləşdirilib. Bu istiqamətdə uzunmüddətli davamlı və sürətli inkişaf üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi başlıca prioritetlərdəndir. Bazaryönümlü islahatlar vasitəsilə effektiv yanaşmaların tətbiqi, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost olan dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri kimi müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilib ki, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına da xidmət etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir.
Vergi islahatlarının əsas istiqamətləri
Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün vergi orqanları tərəfindən səmərəli islahatlar həyata keçirilir. Vergi qanunvericiliyi biznes mühitində yaranmış tələbat və sürətli transformasiyaya uyğun olaraq daim təkmilləşdirilir. Bu proses biznes subyektlərinin iştirakçılığı ilə həyata keçirilir. Kapital bazarlarının inkişafının stimullaşdırılması məqsədilə vergi qanunvericiliyinə bir sıra təşviq alətləri daxil edilib. Tətbiq olunan təşviq alətləri çərçivəsində dividendlər üzrə bir sıra vergi güzəştləri mövcuddur. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan mikrosahibkarların təsisçiləri (payçıları) və ya səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri vergidən azad edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad olunub. Ümumilikdə isə dividendlərdən ödəmə mənbəyində tutulan vergi dərəcəsi daimi olaraq 10 faizdən 5 faizə endirilib ki, bu da kapital üzərində vergi yükünün azalmasına xidmət edir. Bununla yanaşı, innovasiya fəaliyyətinin təşviqi, rəqabətqabiliyyətli texnologiya sektorunun formalaşdırılması və yüksək əlavə dəyər yaradan iqtisadiyyatın inkişafı məqsədilə texnologiyalar parkının rezidenti kimi fəaliyyət göstərən, lakin texnoparkdan kənarda sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı ilə məşğul olan şəxslər tərəfindən ödənilən dividendlər 10 il müddətinə gəlir və mənfəət vergilərindən azad edilib. Fond bazarında alətləri daha cəlbedici etmək və investorların fəallığını artırmaq məqsədilə 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə, Azərbaycanda və xaricdə rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif olunmuş və tənzimlənən bazarda satılan səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər, diskont (istiqrazların nominal dəyərindən aşağı satılması nəticəsində yaranan fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azad edilib.
Dəyişikliklərdə əsas prioritet məhz sahibkarların vergi yükünün
optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir
2026-cı ildən etibarən vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin (KOB) stimullaşdırılması istiqamətində bir sıra mühüm dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərdə də əsas prioritet məhz sahibkarların vergi yükünün optimallaşdırılması və biznes mühitinin daha əlverişli edilməsidir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi, kənd təsərrüfatı sektoruna tətbiq olunan mövcud vergi güzəştlərinin balıqçılığa da şamil olunması, fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə nağdsız dövriyyəyə tətbiq olunan vergi dərəcəsinin 8 faizdən 6 faizə endirilməsi kimi dəyişikliklər sahibkarlığın təşviqinə, biznesin fəaliyyətinin stimullaşdırılmasına və vergi yükünün azaldılmasına xidmət edir.
Vergi sisteminin ortamüddətli inkişaf strategiyası
Təşviqedici vergi islahatları biznes mühitinin təkmilləşməsi üçün əsaslı stimullar formalaşdırıb. Bu müsbət tendensiya xarici investorların da diqqətindən yayınmır. Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azərbaycan”) “Azərbaycanda 2025-2026-cı illər üzrə bazar araşdırması: sənaye sahələri və investisiya trendləri” hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi məqsədilə həyata keçirilən strategiyalar və fəaliyyət planları, sahibkarlıq mühitinin təkmilləşdirilməsi istiqamətində irəliləyişlər və iqtisadi sahədə mühüm çağırışların həllində vergi islahatlarının müsbət təsirləri qeyd edilir. Burada Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında müəyyənləşdirilmiş hədəflər barədə də fikirlər yer alır. Almaniya ticarət və investisiya təşkilatının eksperti Uve Ştroxbax sənədin əhəmiyyətinə diqqət çəkir: “Vergi orqanlarının 2028-ci ilə qədər ortamüddətli strategiyasında kiçik bizneslərin daha sürətli inkişaf edərək orta biznesdən daha effektiv sahibkarlıq subyektlərinə çevrilməsini təmin edəcək təşviqlərin verilməsi nəzərdə tutulur. Bu tədbirlər özəl sektorun gücləndirilməsinə, diversifikasiyanın genişlənməsinə və iqtisadi dayanıqlılığın artmasına töhfələr verəcək”.
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında
müəyyənləşdirilmiş hədəflər biznes mühitinə dəstəyin davamlı olacağını ehtiva edir
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında müəyyənləşdirilmiş hədəflər də biznes mühitinə dəstəyin davamlı olacağını ehtiva edir. Könüllü əməletmənin yüksəldilməsi istiqamətində müştəriyönümlü vergi siyasətinin və sahibkarların hüquqlarının təmin edilməsi, vergi yükünün ədalətliliyi, digər icbari ödənişlər sistemində fiskal yükün balanslı olması və vergi dərəcələrinin optimallaşdırılması kimi hədəflər xüsusi vurğulanır. Gələcəyə yönəlmiş vergi sistemi iqtisadi inkişafı dəstəkləmək, ictimai etimadı gücləndirmək və könüllü vergi əməletməsini təşviq etməkdə mühüm rol oynayır. Müasir vergi inzibatçılığının təmin edilməsi üçün dayanıqlı, fasiləsiz və təhlükəsiz informasiya texnologiyaları mühitinin formalaşdırılması dayanıqlı və davamlı inkişaf hədəfinin əsas istiqamətlərindən birini təşkil edir. Davamlı təkmilləşməni təşviq edən innovasiya mədəniyyəti iqtisadi və texnoloji dəyişikliklər fonunda vergi sisteminin dayanıqlılığını gücləndirməklə yanaşı, biznes subyektləri üçün daha çevik və müasir xidmət modelinin formalaşmasına xidmət edir. Bütün bunlar isə biznes mühitində investisiyalar üçün stimullaşdırıcı, təhlükəsiz və sabit bünövrə formalaşdırır.
Mənbə: vergiler.az










