Azərbaycanın kredit bazarı inamlı artım nümayiş etdirərək 2025-ci ilin iyun ayının sonuna 28,47 milyard manata çatıb. Bu, ötən ilin göstəricilərindən 11,96% çoxdur. Paytaxt hələ də əsas maliyyə mərkəzi olaraq qalır, lakin bölgələr daha sürətli artım templərini nümayış etdirirlər.
Kredit portfelinin əsas həcmi Bakıda cəmləşir
Mərkəzi Bankın məlumatına görə, ənənəvi olaraq kredit portfelinin əsas hissəsi — ₼21,78 milyard və ya ümumi həcmin 76,5 faizi Bakının payına düşür. Paytaxt üzrə kreditləşmə illik 11 faiz artıb ki, bu, həm korporativ, həm istehlak seqmentlərinin sabit inkişafını əks etdirir.
Bölgələr artım tempində liderlik edir
Paytaxtın mütləq həcm üzrə üstünlüyünə baxmayaraq, bir sıra iqtisadi rayonlar daha yüksək artım tempi göstərib. İllik ifadədə əsas artım drayveri Abşeron–Xızı iqtisadi rayonu olub — kredit portfeli 24,28% artaraq 1,15 milyard manata çatıb.
Qarabağ və Şərqi Zəngəzurda da artım iki rəqəmli diapazondadır. Hələlik nisbətən kiçik portfel həcminə (11,8 milyon manat) malik olmasına baxmayaraq, Şərqi Zəngəzur iqtisadi rayonu 2025-ci ilin əvvəlindən (illik müqayisə üçün məlumat yoxdur) 24,17 faiz artım ilə liderlərdən biri olub. Qarabağ iqtisadi rayonunda isə artım 11,8 faiz təşkil edərək 500 milyon manatı keçib.
Gəncə–Daşkəsən iqtisadi rayonu Abşeron–Xızıdan sonra ən böyük regional borcalan statusunu qoruyur — 842,6 milyon manat (+12,9 faiz).
İqtisadi rayonlar üzrə kreditləşmə:
– Bakı iqtisadi rayonu – 21,78 mlrd. manat (+11%)
– Naxçıvan iqtisadi rayonu – 461,488 mln. manat (+13,6%)
– Abşeron–Xızı iqtisadi rayonu – 1,147 mlrd. manat (+24,3%)
– Dağlıq Şirvan iqtisadi rayonu – 194,694 mln. manat (+10,56%)
– Gəncə–Daşkəsən iqtisadi rayonu – 842,645 mln. manat (+12,9%)
– Qarabağ iqtisadi rayonu – 500,026 mln. manat (+11,8%)
– Qazax–Tovuz iqtisadi rayonu – 536,274 mln. manat (+13,1%)
– Quba–Xaçmaz iqtisadi rayonu – 486,839 mln. manat (+15,13%)
– Lənkəran–Astara iqtisadi rayonu – 663,568 mln. manat (+14,87%)
– Mərkəzi Aran iqtisadi rayonu – 572,969 mln. manat (+11,55%)
– Mil–Muğan iqtisadi rayonu – 308,174 mln. manat (+11,76%)
– Şəki–Zaqatala iqtisadi rayonu – 517,089 mln. manat (+16,76%)
– Şərqi Zəngəzur iqtisadi rayonu – 11,814 mln. manat (+24,14%)
– Şirvan–Salyan iqtisadi rayonu – 446,351 mln. manat (+11,56%)
Mütləq rəqəmlərdə Bakı hələ uzun müddət kreditləşmənin əsas mərkəzi olaraq qalacaq, lakin artım templərində təşəbbüsü artıq ayrı-ayrı iqtisadi zonalar ələ almağa başlayır.
Banklar üçün bu, yeni imkanlar deməkdir: regional biznes və əhali daha fəal borcalan olur, kredit portfelinin şaxələndirilməsi isə konsentrasiya risklərini azaldır.
Mənbə: vergiler.az