Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Qanunvericiliyə əsasən, amortizasiya – uzunmüddətli aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm surətdə azalması deməkdir. Sadə dildə desək, amortizasiya köhnəlmə anlamı verir.

Aktivlər xarakterinə görə iki qrupa bölünür: maddi aktivlər və qeyri-maddi aktivlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Banner

Vergi Məcəlləsinin 13.2.9-cu maddəsində isə göstərilib ki, qeyri-maddi aktivlər dedikdə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar nəzərdə tutulur.

Maddələrə əsasən, qeyri-maddi aktivlər əsas vəsait hesab edilmir. Vergi Məcəlləsində “yalnız əsas vəsaitlər amotizasiya olunur” kimi bir anlayış da qeyd edilməyib. Deməli, dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlər uçota alınmalı və amortizasiya edilməlidir.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya olunur.

Misal

Müəssisə 450 manata qeyri-maddi aktiv alıb. Bu aktivin 5 il istifadə müddəti var. Ona görə illik 90 manat amortizasiya məbləği hesablanaraq gəlirdən çıxılan xərc kimi nəzərə alınacaq:
450 : 5 = 90 manat.

Mənbə: vergiler.az