Şirkətə seçilən adın problem yaratmaması üçün nəzərə alınmalı məqamlar

Məlum olduğu kimi hər bir fəaliyyət sahəsi öz unikal adı ilə məhsullarını təqdim edir. Unikal adın tapılması isə çox əhəmiyyətlidir. Qanunvericilik hüquqi şəxs kimi fəaliyyət göstərəcək şirkətlərə veriləcək adla bağlı bir sıra məhdudiyyətləri nəzərə almağı məsləhət görür. Əks halda müəssisənin dövlət qeydiyyatına alınması müşkül məsələyə çevrilə bilər. Əvvəla nəzərə almaq lazımdır ki, hüquqi şəxslər üçün ümumi xarakterli məhdudiyyətlərlə yanaşı, fəaliyyətin xüsusiyyəti baxımından spesifik məhdudiyyətlərin də tətbiq edilməsi mümkündür. Əslində spesifik məhdudiyyətlərin tətbiqi üçün əsas ondan ibarətdir ki, hər bir müəssisə onlara verilmiş fəaliyyət sahəsindən kənar fəaliyyətlə məşğul olmasın yaxud əksinə lisenziyası olmayan hüquqi şəxs sanki lisenziyası varmış kimi görünməsin.

Beləliklə, hüquqi şəxslər üçün seçiləcək adlarla bağlı spesifik tələbləri aşağıdakı kimi qeyd etmək mümkündür:

  • Hüquqi şəxsin adında onun təşkilati hüquqi forması (ASC, MMC və s) mütləq göstərilməlidir;
  • Qeyri-kommersiya təşkilarının (ictimai birliklər, fondlar və s) adında onun fəaliyyəti xarakteri (yardım, dəstək və s) göstərilməlidir;
  • Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının (misal: dövlət orqanına dəstək ictimai birliyi və s) adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Bank, sığorta şirkəti, bank olmayan kredit təşkilatı, sığorta agenti, sığorta brokeri kimi şirkətlər üçün təsis edildiklərində mütləq adlarının yanında bu fəaliyyətlərə uyğun əlavələrin də olması tələbi gətirilmişdir;
  • Təşkilatın fəaliyyəti bank, ödəniş təşkilatı, investisiya təşkilatı kimi fəaliyyətlərə uyğun deyilsə, onun adında bu fəaliyyətin qeyd edilməsinə icazə verilmir;
  • Əhəmiyyətli nəzarətin dövlətə məxsus olmadığı əksər şirkətlərin adında milli, dövlət, Azərbaycan Respublikası kimi ifadələrin işlədilməsinə icazə verilmir;
  • Bir sıra fəaliyyətlərə (bank, sığorta, ödəniş təşkilatı və s) münasibətdə şirkətlərin adında məna ifadə etməyən sözlərdən istifadəyə icazə verilmir;
  • Hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz;
  • Şirkətin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edilə bilməz.

Göründüyü kimi şirkətlərin adını seçərkən yüksək diqqət yetirilməsi vacib olan məqamlar mövcuddur. Onu da nəzərə almaq lazımdır ki, bu tələblərin pozulması şirkətin dövlət qeydiyyatı üçün imtina əsası sayılır.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Banner

Altıgünlük iş həftəsində çalışanlar martda neçə gün tətil edəcək?