Hansı halda ƏDV məqsədləri üçün qeydiyyat vacib olacaq?

Son zamanlar müzakirə olunan məsələlərdən biri də 2026-cı ildən etibarən Vergi Məcəlləsinə nəzərdə tutulmuş əlavə və dəyişikliklərdir. Yeni qanunvericilik layihəsinə əsasən, ƏDV qeydiyyatı məqsədləri üçün vergi tutulan əməliyyatların həcminin limiti 200.000 manatdan 400.000 manata qaldırılacaq. 

Bu məsələyə birmənalı şəkildə yanaşmamağı tövsiyə edən iqtisadçı ekspert Anar Bayramov yeniliyin mühüm məqamlarını şərh edib.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər məcburi qaydada ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Nəzərdə tutulan dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 155.1-ci maddəsində yer alan vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Məsələn, elektrik mallarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisinin son 12 aylıq vergi tutulan əməliyyatlarının həcmi 250.000 manatdır. Lakin bu dövriyyənin 180.000 manat hissəsi POS-terminal vasitəsilə, 70.000 manat hissəsi isə nağd qaydada satışdan formalaşıb. Hazırda mövcud olan qanunvericiliyə əsasən, vergi ödəyicisi növbəti ayın 1-dən ƏDV ödəyicisi kimi uçota alınmaq üçün ərizə təqdim etməlidir. Lakin təklif edilən dəyişiklik qüvvəyə minərsə, o zaman vergi ödəyicisinin 180.000 manat hissəsi 90.000 manat kimi götürüləcək:

Banner

180.000 x 0,5 = 90.000 manat.

Nəticədə vergi ödəyicisinin dövriyyəsi 160.000 manat kimi nəzərə alınacaq. Belə olan təqdirdə vergi ödəyicisinin dövriyyəsi 250.000 manat olsa da fəaliyyətini ƏDV ödəyicisi olmadan davam etdirə biləcək.

İctimaiyyətdə müzakirə edilən 400.000 manat limiti o zaman mümkün olur ki, pərakəndə satışdan və ya əhaliyə xidmətdən formalaşan dövriyyənin hamısı POS-terminal vasitəsilə olsun. O zaman 400.000 manat dövriyyə 0,5 əmsal ilə 200.000 manat kimi nəzərə alınacaq və ancaq o halda limitin 400.000 manata qaldırılması öz təsdiqini tapmış olur. Əks təqdirdə, əgər vergi ödəyicisinin pərakəndə satışdan 300.000 manat dövriyyəsi varsa, bu dövriyyənin 180.000 manatı POS-terminal vasitəsilə satışdan, 120.000 manatlıq hissəsi isə nağd satışdan formalaşıbsa, o zaman ƏDV qeydiyyatına alınmaq məqsədləri üçün vergi ödəyicisinin dövriyyəsi 90.000 manat (180.000 x 0,5) + 120.000 manat olmaqla cəmi 210.000 manat kimi nəzərə alınacaq. Bu da vergi ödəyicisinin növbəti ayın 1-dən məcburi qaydada ƏDV qeydiyyatına alınması üçün öhdəlik yaradır.

Göründüyü kimi, ƏDV qeydiyyatı üçün tələb edilən 200.000 manat limitlə bağlı hər hansı bir artım, dəyişiklik yoxdur. Bu limit olduğu kimi növbəti ildə də davam edəcək. Diqqət etmək lazımdır ki, bu norma ancaq POS-terminalla aparılan dövriyyələrə aiddir. Nağd qaydada satışdan formalaşan dövriyyələrə tətbiq edilməyəcək. Habelə bu dəyişiklik ancaq pərakəndə ticarət üzrə satışdan formalaşan və əhaliyə göstərilən xidmətdən formalaşan dövriyyələrə tətbiq ediləcək.

Bəs növbəti ildən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən ƏDV qeydiyyatının limiti məqsədləri üçün əsas olan POS-terminal vasitəsilə edilən dövriyyənin 2025-ci ilə aid hissəsi nəzərə alınacaqmı?

Tutaq ki, pərakəndə ticarətlə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2026-cı ilin iyul ayında son 12 aylıq vergi tutulan dövriyyəsi 230.000 manat olub. Bu satışın 160.000 manatlıq hissəsi POS-terminal vasitəsilə, 70.000 manat hissəsi isə nağd qaydada ödəniş vasitəsilə edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, 01.01.2026-cı il tarixdən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliyə əsasən, POS-terminal vasitəsilə edilən dövriyyə 0,5 əmsal ilə nəzərə alınacaq. Yəni, 160.000 manat POS-terminal vasitəsilə edilən dövriyyə 0,5 əmsal ilə 80.000 manat kimi nəzərə alınacaq. 70.000 manat da nağd dövriyyəni nəzərə alsaq, ümumi dövriyyə 150.000 manat kimi nəzərə alınacaq. Beləliklə, son 12 aylıq dövriyyənin 230.000 manat olmasına baxmayaraq, gözlənilən dəyişikliyə əsasən, vergi ödəyicisi hesab edə bilər ki, bu dövriyyə 150.000 manat kimi nəzərə alındığından vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmayacaq. Lakin burada bir məqama diqqət eləmək lazımdır. Belə ki, POS-terminal vasitəsilə edilən 160.000 manat dövriyyənin 120.000 manat hissəsi 2025-ci ildə, 40.000 manat hissəsi isə 2026-cı ildə formalaşıb. Nəticədə ancaq 2026-cı ildə POS-terminal vasitəsilə formalaşmış dövriyyə 0,5 əmsal ilə nəzərə alınacaq, 2025-ci ildə POS-terminal vasitəsilə formalaşan dövriyyə isə tam olaraq nəzərə alınacaq. Nəticədə vergi ödəyicisinin ƏDV qeydiyyatına alınmaq məqsədləri ilə dövriyyəsi 70.000 manat nağd satışlar, 120.000 manat 2025-ci ildə POS-terminal vasitəsilə formalaşan satış dövriyyəsi və 20.000 manat 0,5 əmsal ilə 2026-cı ildə formalaşan POS-terminal dövriyyəsi olmaqla ümumilikdə 210.000 manat kimi nəzərə alınacaq. Bu vergi tutulan dövriyyəyə əsasən, vergi ödəyicisi 2026-cı ilin avqust ayından məcburi qaydada ƏDV qeydiyyatı üçün ərizə verərək qeydiyyata alınmalıdır.

Mənbə: vergiler.az