Debitor borclar: mənfəətə təsir, yoxsa ehtiyat mexanizmi?

“Debitor borcların səmərəli idarə olunması, sistemli yığımı, ödənişlərin təmin edilməsi məsələləri bir çox müəssisələrdə problemli mövzulardandır. Çıxış yolu kimi şübhəli borclar üzrə ehtiyat fondunun yaradılması önəmlidir”.

Bu fikri “Azərişıq” ASC-nin Audit komitəsinin rəhbəri Rauf Rzayev Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” tədbirində səsləndirilib. Onun sözlərinə görə, bəzən şübhəli borclar üzrə ehtiyat fondunun yaradılmasına mənfəətin, aktivlərin süni şəkildə azaldılması kimi yanaşılır. Əslində isə ehtiyat fondu debitor borcların yığılmasını, yaş kateqoriyasını, gecikməsinə görə onların şübhəlilik səviyyəsinin müəyyən edilməsi və maliyyə vəziyyəti haqqında hesabatda debitor borcların daha ədalətli görüntüsünün əks olunmasını özündə ehtiva edir.

R.Rzayev qeyd edib ki, debitor borcların düzgün idarə edilməsi müəssisənin maliyyə sabitliyi üçün çox önəmlidir: “Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) 9 saylı standartı – kredit zərərləri sistemi gələcəkdə gözlənilən riskləri öncədən müəyyən etmək və müəssisənin hər hansı likvidlik problemİ ilə üzləşməsinin qarşısını almaq üçündür. Bu cür alətlərə mühasiblər, maliyyəçilər skeptik yanaşırlar. Bu da gələcəkdə müəssisəni likvidlik problemi ilə üzləşdirə bilər. Müəssisə qısamüddətli və ya uzunmüddətli dövrdə debitor borcların ödənilməsində çətinlik yaşayır və kənar maliyyələşməyə məcbur olur. Bu isə gələcəkdə müəssisənin maliyyə xərclərinin artırılmasına səbəb olur”.

Auditor İbadət Binyətov da mövzuya münasibət bildirib. Onun fikrincə, debitor borcları balans hesabatlarında, aktivlərdə bir maddə kimi yox, eyni zamanda şirkətin əsas maliyyə göstəricisi kimi görməliyik: “Debitor borclarda yaranan problemlər əməkhaqlarının, vergilərin ödənilməsinə mənfi təsir edir. Bu da birbaşa vergi risklərinə gətirib çıxarır. Məsələn, mənfəət vergisi bəyannaməsini verdikdə iri məbləğdə vergi öhdəliyi yaranır. Ancaq debitor borclar düzgün təhlil olunmadığına, yığılmadığına görə, müəssisə problemlə üzləşir. Eyni zamanda, mənfəətin şişirdilməsi problemi ortaya çıxır. Məhz ehtiyat fondunun yaradılmaması mənfəətin şişirdilməsinə səbəb olur ki, bu da təsisçilərin və digər qərarverici şəxslərin yanlış qərar verməsinə gətirib çıxara bilər. Əsas məsələlərdən biri də “fraud”, yəni saxtakarlığa yol verməkdir. Satışın süni şəkildə şışırdilməsi və bunların balansda böyük rəqəmdə qalması maliyyə risklərinə gətirib çıxarır”.

Banner

“Paşa Malls” şirkətinin baş maliyyə meneceri Tutu Əfəndizadə isə düşünür ki, debitor borc yarandıqda dərhal müəssisədə hər hansı risk faktoru yaranmır: “Debitor borc elektron qaimə-faktura müştəriyə təqdim edildiyi tarixdən yaranır. Amma buna görə dərhal hansısa tədbir görmək, ümidsiz borc kimi qeyd etməyə ehtiyac yoxdur. Elektron qaimə-faktura təqdim edildikdən sonra hər bir müştəriyə ödəniş üçün müddət verilir. Şirkətlərin daxili siyasətinə uyğun olaraq, bu müddət 7 gün də ola bilər. Ancaq təcrübədə daha çox yayılmış müddət 30 gündür. Elektron qaimə-faktura təqdim edildiyi tarixdən 30 gün ərzində onun ödənilməsi heç bir risk yaratmır. Daha sonra artıq risklər bölünür – az, orta və yuxarı risk kateqoriyaları. 30 günü keçən bir ödəniş görürüksə, bu, bizim üçün bir risk faktorudur. 60-90 gün orta risk faktoru, 90 gündən yuxarı müddət isə ciddi yuxarı riks faktorudur ki, bu da ehtiyat fondunun yaradılmasını tələb edir”.

Ehtiyatların yaradılmasının, ilk növbədə, debitor borcların hansı fəaliyyətlə məşğul olan müəssisəyə aid olmasından asılı olaraq dəyişdiyini deyən T.Əfəndizadə bəzi müəssisələr üçün debitor borca 60 günə qədər də icazə verildiyini və müqavilə ilə rəsmiləşdirildiyini vurğulayıb. Bu səbəbdən də hər bir şirkətin, sahibkarın ümidsiz borclarla bağlı MHBS-nin 9 saylı standartına uyğun qaydada daxili siyasətlərinin olması vacibdir.

Ehtiyat fondlarının yaradılmasının vergi uçotu ilə əlaqələndirilməsinə gəlincə, T.Əfəndizadə vurğulayıb ki, Vergi Məcəlləsi sahibkarların ehtiyat fondlarının yaradılması hüququnu məhdudlaşdırmır. Sadəcə, bu yanaşma MHBS-nin yanaşmasında bir qədər fərqlidir. Vergi qanunvericiliyi debitor borclarla bağlı hər hansı təsdiqedici sənəd istəyir. Məsələn, müflis elan edilmə ilə bağlı məhkəmə qərarı və s. sənədlər tələb olunur.

Mənbə: vergiler.az