Mövzunu Kapital Bankın Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin meneceri Fariz Yadigarov şərh edir.
Vergitutmanın mahiyyəti
Vergitutma vergi sisteminin praktik və icraedici mərhələsini təşkil edir. O, vergiqoyma nəticəsində qanunvericiliklə müəyyən edilmiş vergilərin faktiki olaraq hesablanması, tutulması, yığılması və dövlət büdcəsinə köçürülməsi prosesidir. Əgər vergiqoyma dövlətin vergi siyasətini formalaşdıran normativ mərhələdirsə, vergitutma bu siyasətin real iqtisadi münasibətlərdə tətbiqini təmin edən mexanizmdir.
Elmi ədəbiyyatda vergitutma adətən inzibati–texniki fəaliyyət kimi xarakterizə olunur. Bununla belə, vergitutmanın düzgün təşkili vergi sisteminin ümumi effektivliyinə həlledici təsir göstərir. Ən ədalətli vergiqoyma belə, qeyri-effektiv vergitutma şəraitində öz məqsədinə çata bilməz.
Vergitutmanın iqtisadi mahiyyəti. İqtisadi baxımdan, vergitutma vergi öhdəliyinin real pul axınına (pul formasında ödənildiyi üçün) çevrilməsi prosesidir. Bu mərhələdə vergi ödəyicisinin gəliri (mənfəəti), xərci və ya əmlakı üzərində dövlətin fiskal tələbi faktiki olaraq reallaşır. Vergitutma iqtisadi subyektlərin davranışına birbaşa təsir göstərir, çünki verginin tutulma üsulu, vaxtı və forması təsərrüfat qərarlarına təsir edir. Məsələn, ödəmə mənbəyində tutulan gəlir vergisi vergi ödəyicisi üçün daha az hiss olunan, lakin dövlət üçün daha etibarlı gəlir mənbəyi yaradır. Bu, vergitutmanın texniki mexanizminin iqtisadi nəticələrə təsirinin bariz nümunəsidir.
Vergitutmanın hüquqi mahiyyəti. Vergitutma hüquqi baxımdan vergi qanunvericiliyinin icrası formasıdır. Vergi qanunları ilə müəyyən edilmiş hüquq və vəzifələr məhz vergitutma mərhələsində konkret münasibətlərdə reallaşır. Vergitutma prosesində vergi orqanları, vergi ödəyiciləri və vergi agentləri (həmçinin, vergi münasibətlərinin digər iştirakçıları) arasında inzibati–hüquqi münasibətlər yaranır.
Azərbaycan Respublikasının vergi qanunvericiliyi vergitutma prosesinin yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və səlahiyyətli orqanlar tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Bu, elə vergitutmanın qanunilik prinsipinin ifadəsidir.
Vergitutmanın inzibati mahiyyəti. Vergitutma dövlətin vergi inzibatçılığı fəaliyyətinin əsas məzmununu təşkil edir. Buraya aşağıdakı elementlər daxildir:
• vergitutma bazasının müəyyən edilməsi;
• verginin hesablanması;
• verginin bəyan edilməsi;
• verginin tutulması və köçürülməsi;
• vergi nəzarəti;
• sanksiyalar;
• apellyasiya.
Bu elementlər vergitutmanın texniki xarakterini göstərir və onu vergiqoymadan əsaslı şəkildə fərqləndirir. Vergiqoyma “nə olmalıdır” sualına cavab verdiyi halda, vergitutma “necə həyata keçirilməlidir” sualını cavablandırır.
Vergitutmanın sosial mahiyyəti. Vergitutmanın sosial mahiyyəti vergi öhdəliklərinin faktiki icrası ilə bağlıdır. Vergi yükünün real bölgüsü məhz vergitutma mərhələsində üzə çıxır. Məsələn, qeyri-rəsmi məşğulluğun yüksək olduğu şəraitdə vergiqoyma formal olaraq ədalətli olsa belə, vergitutma mexanizmlərinin zəifliyi sosial ədalətsizliyə səbəb ola bilər. Bu baxımdan, vergitutma sosial ədalətin praktik təminat mexanizmi kimi çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində bu məsələ ilə bağlı ən uğurlu nümunə kimi alış aktının tətbiqini göstərmək olar.
Ümumiləşdirərək qeyd edə bilərik ki, vergitutmanın mahiyyəti onun iqtisadi, hüquqi, inzibati və sosial cəhətlərinin vəhdətində təzahür edir. O, vergi sisteminin praktik effektivliyini müəyyən edən əsas mərhələdir. Vergitutmanın sadə, şəffaf və effektiv şəkildə təşkili vergi intizamının möhkəmlənməsinə, vergidən yayınma hallarının azalmasına və dövlət büdcəsinin dayanıqlığına xidmət edir. Buna görə də vergitutma vergiqoymanın məntiqi davamı olmaqla yanaşı, müstəqil elmi və praktiki əhəmiyyətə malik anlayışdır.
Vergitutmanın əsas prinsipləri
Vergitutmanın prinsipləri vergiqoyma nəticəsində müəyyən edilmiş vergi öhdəliyinin praktiki olaraq necə həyata keçirilməli olduğunu müəyyən edən əsas qaydalar və tələblər sistemidir. Bu prinsiplər vergilərin hesablanması, tutulması, yığılması və dövlət büdcəsinə köçürülməsi prosesində qanuniliyin, səmərəliliyin, şəffaflığın və s. təmin olunmasına xidmət edir. Əgər vergiqoyma prinsipləri dövlətin vergi siyasətinin konseptual əsaslarını formalaşdırırsa, vergitutma prinsipləri bu siyasətin icra mexanizminin düzgün qurulmasını təmin edir.
Vergitutma prinsipləri, əsasən, inzibati və texniki xarakter daşıyır. Onlar vergi ödəyiciləri ilə vergi orqanları arasında yaranan konkret hüquq münasibətlərini tənzimləyir və vergi qanunvericiliyinin praktik icrasını təmin edir. Bu baxımdan, vergitutma prinsipləri normativ xarakterli vergiqoyma prinsiplərindən fərqlənir və onun məntiqi davamı kimi çıxış edir.
İqtisadi ədəbiyyatlarda aparılan təhlilləri ümumiləşdirərək, vergitutmanın aşağıdakı əsas prinsiplərini ayırd edə bilərik:
Qanunilik prinsipi. Bu, vergi hüququnun ən fundamental və dəyişməz prinsiplərindən biridir və dövlətin fiskal səlahiyyətləri ilə vergi ödəyicisinin hüquqları arasında hüquqi tarazlığı təmin edir. Qanunilik prinsipi nəzərdə tutur ki:
- verginin bütün elementləri qanunla müəyyən olunmalıdır;
- normativ aktların iyerarxiyasına riayət edilməlidir. Yəni vergi öhdəliyi yalnız qanunla yaradıla və ya ləğv oluna bilər. İcra hakimiyyəti orqanlarının qərarları vergi yarada və ya ağırlaşdıra bilməz;
- qanuni normaların genişləndirici şərhinə yol verilməməlidir. Vergi-hüquq normaları qısa və dəqiq şərh edilməlidir. Şübhəli hallarda norma vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır və s.
Qanunilik prinsipi, həmçinin, nəzərdə tutur ki, vergitutma prosesində vergi adı altında qanunda nəzərdə tutulan ödənişlərin alınması, vergi öhdəliyinin qanunda nəzərdə tutulmayan qaydalarla hesablanması, yeni və ya ağırlaşdırıcı vergi normalarının geriyə hüquqi qivvəsi (istisnalar nəzərə alınmaqla) yolverilməzdir.
Şəffaflıq prinsipi. Bu prinsip vergi hüququnun mühüm prinsiplərindən biri olub, vergi münasibətlərində dövlət, vergi orqanları və vergi ödəyiciləri arasında açıqlıq, anlaşılanlıq və etimad mühitinin formalaşdırılmasına xidmət edir. Vergitutmada şəffaflıq prinsipi aşağıdakıları ifadə edir:
- Vergigutuma ilə bağlı qaydalar və prosedurlar aydın və anlaşılan olmalıdır;
- Vergi ödəyicisi vergi öhdəliyinin nə vaxt, hansı əsasla, hansı məbləğdə və hansı qaydada yarandığını müəyyən edə bilməlidir;
- Vergi orqanlarının fəaliyyəti hesabatlı və nəzarətə açıq olmalıdır və s.
Vergitutmada şəffaflıq prinsipi vergi sisteminin effektivliyinin və legitimliyinin əsas şərtlərindən biridir.
Sadəlik prinsipi. Bu prinsip vergi sisteminin, o cümlədən vergitutma prosesinin asan başa düşülən, tətbiq edilə bilən və icrası mümkün olmasını nəzərdə tutur. Bəzən qanunvericilikdəki çoxsaylı istisnalar, mürəkkəb formullar və hesabatlar vergitutma xərclərini artırır və vergidən yayınmanı stimullaşdırır. Həddindən artıq mürəkkəb vergi sistemi vergi intizamını zəiflədir, sadə və aydın sistem isə həm dövlət, həm də vergi ödəyicisi üçün faydalıdır. Bu baxımdan, vergitutmada sadəlik prinsipi vergi sisteminin davamlılığı və effektivliyinin əsas şərtlərindən biridir.
Vaxtında və tam tutulma prinsipi. Bu prinsip vergi hüququnda əsas funksional prinsiplərindən biri olmaqla, əsas məqsədi dövlət büdcəsinin sabit, fasiləsiz və proqnozlaşdırılan qaydada formalaşdırılmasını təmin etməkdir. Vergitutmada vaxtında və tam tutulma prinsipi vergi sisteminin maliyyə dayanıqlığının əsas təminatıdır. Bu prinsip olmadan dövlətin iqtisadi və sosial funksiyalarını yerinə yetirməsi mümkün deyil. Eyni zamanda, bu prinsip vergi ödəyicilərinin məsuliyyətini artırır və vergi münasibətlərində fiskal intizamın və büdcə dayanıqlığının əsas şərtlərindən biri hesab olunur.
Effektiv nəzarət və məsuliyyət prinsipi. Bu prinsip vergi sisteminin düzgün işləməsini təmin edən, vergi öhdəliklərinin real icrasını və vergi intizamının qorunmasını hədəfləyən əsas prinsiplərdən biridir. Vergitutma güclü nəzarət mexanizmləri və məsuliyyət tədbirləri ilə müşayiət edilməlidir. Qanunların icrasına effektiv nəzarət və intizamsızlığa qarşı adekvat məsuliyyət tədbirləri olmadan vergi normaları formal xarakter daşıyar, vergi intizamı zəifləyər və hər hansı fiskal məqsədlərə çatmaq mümkün olmaz.
Subyekt əsaslı gəlir prinsipi. Bu prinsipin əsas ideyası ondan ibarətdir ki, vergitutmada əsas meyar kimi gəlirin mənbəyi deyil, gəliri əldə edən subyektin hüquqi statusu götürülür. Yəni eyni pul və ya gəlir axını fərqli şəxslər tərəfindən əldə olunursa, bu, fərqli hüquqi faktlar yaradır və vergitutma baxımından ayrı-ayrı vergitutma obyekti kimi qiymətləndirilir.
Hüquqi faktların təkrarlanmasının yolverilməzliyi prinsipi. Bu prinsipə görə, eyni hüquqi fakt eyni vergi öhdəliyinin yaranması üçün bir dəfədən artıq əsas ola bilməz. Yəni bir hüquqi fakt (məsələn, gəlirin əldə edilməsi, əmlaka sahib olma, əməliyyatın həyata keçirilməsi) artıq vergi tutulmasına səbəb olubsa, həmin fakt yenidən vergitutmanın obyekti kimi istifadə edilə bilməz.
Beləliklə, vergiqoyma və vergitutma prinsipləri mahiyyət etibarilə fərqli, lakin bir-birini tamamlayan anlayışlardır. Vergiqoyma prinsipləri strateji və normativ xarakter daşıdığı halda, vergitutma prinsipləri texniki və inzibati xarakter daşıyır. Bu fərqin düzgün anlaşılması səmərəli, ədalətli və dayanıqlı vergi sisteminin formalaşdırılması üçün həlledici əhəmiyyətə malikdir.
Ümumiyyətlə, vergiləndirmənin prinsipləri yalnız yuxarıda qeyd edilənlərlə məhdudlaşmır, iqtisadi ədəbiyyatlarda bu və ya digər prinsiplər ayrıca təsnifləşdirilərək müəyyən altprinsiplər də xüsusi fərqləndirilir ki, bu da konkret vergi konsepsiyasının əsaslandırılmasına və ya şərhinə xidmət edir.
Mənbə: vergiler.az










