2026-cı ildə Azərbaycanda orta pensiya məbləğinin 543 manatdan 590 manata çatacağı proqnozlaşdırılır.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, bu il yaşa görə pensiya məbləğinin hazırkı 578 manatdan 630 manatadək artacağı gözlənilir: “Ötən il Azərbaycanda əmək pensiyaçılarının ümumi sayı 1 milyon 98 min 651 nəfər olub. İl ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6%-dən çoxunu təşkil edib. 2025-ci ildə orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3% artaraq 543 manata, yaşa görə pensiya isə 9,1% artaraq 578 manata çatıb”.
Z.Mirzəyev bildirib ki, 2026-cı ildə DSMF-nin xərclərinin 8 milyard 483 milyon manat, gəlirlərinin isə 8 milyard 323 milyon manat olacağı proqnozlaşdırılır. Xərclərin 8 milyard manatı pensiyaların ödənilməsinə yönəldiləcək. Eyni zamanda bu il dövlət büdcəsindən DSFM-yə 1,7 milyard manat transfert edilməsi gözlənilir.
Mənbə: vergiler.az










