Bu məqalədə “2026-cı ildə nettdən grossa əməkhaqqı necə hesablanır?”, “Gross əməkhaqqının vergitutma baxımından əhəmiyyəti nədir?” kimi suallar şərh olunur, xalis maaşdan ümumi maaşı hesablayan kalkulyatoru təqdim olunur.
Gross əməkhaqqının işəgötürən üçün əhəmiyyəti
Gross əməkhaqqı (ümumi əməkhaqqı) işçinin alacağı əməkhaqqının vergi və sosial ödənişlər tutulmadan əvvəlki məbləğidir.
Analoji olaraq vergi və sosial ödənişlər tutulmadan sonrakı əməkhaqqı nett əməkhaqqı (xalis əməkhaqqı) adlanır.
İşə qəbul zamanı işçi ilə bəzi hallarda xalis əməkhaqqı razılaşdırılır, amma əmək müqaviləsində ümumi əməkhaqqı qeyd edilməlidir. Bu zaman nettdən grossa əməkhaqqı hesablanması qaydasından istifadə etmək lazım gəlir.
İşəgötürən üçün ümumi maaşı həm də vergitutma və sosial ödənişlərin düzgün hesablanması, büdcə planlaşdırılması və hüquqi uyğunluq baxımından vacibdir.
Vergi və sosial ödənişlərin hesablanması
Gross əməkhaqqı işəgötürən üçün aşağıdakı öhdəliklərin hesablanmasında əsas rol oynayır:
- gəlir vergisi;
- məcburi dövlət sosial sığorta haqqı (MDSS);
- İcbari tibbi sığorta (İTS);
- İşsizlikdən sığorta.
Sosial sığorta ödənişləri qanunvericilikdə müəyyən edilmiş faiz nisbətində həm işçi, həm də işəgötürən tərəfindən həyata keçirilir.
Ümumi əməkhaqqı işəgötürənin vergi və sosial ödənişlər üzrə xərclərini əvvəlcədən planlaşdırmağa imkan verir.
Büdcə xərclərinin planlaşdırılması
İşəgötürən gross əməkhaqqını əsas götürərək:
- aylıq və illik əməkhaqqı fondunu müəyyənləşdirir;
- bonuslar və mükafatları planlaşdırır;
- ümumi işçi xərclərini (gross əməkhaqqı + işçiyə görə işəgötürənin sosial sığorta haqqları) proqnozlaşdırır.
Məsələn, əsas maaş və bonus/mükafat nett şəkildə razılaşdırılıbsa, planlaşdırma zamanı nettdən grossa əməkhaqqı hesablayarkən bonus da baza məbləğinə daxil edilir.
Hüquqi uyğunluq və risklərin azaldılması
Ümumi əməkhaqqını bilmək:
- minimum əməkhaqqı və sosial sığorta tələblərinə riayət etməyi;
- vergidən yayınma riskini azaltmağı;
- əmək müqavilələrində ümumi maaşın düzgün qeyd olunmasını təmin edir.
Gross əməkhaqqının düzgün hesablanmaması işəgötürəni cərimələrə məruz qoya bilər.
2026-cı ildə əməkhaqqıdan tutulmaların hesablanması
2026-cı ilin əvvəlindən əməkhaqqıdan tutulmalarla bağlı Vergi Məcəlləsinə və digər uyğun qanunvericilik aktlarına dəyişiklik edilib. Dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərə aiddir. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda çalışan fiziki şəxslər üçün əməkhaqqı hesablaması 2025-ci ilə nisbətən az dəyişib. İcbari tibbi sığorta (İTS) ödənişlərinin hesablanmasını əhatə edən bu dəyişikliklər görə, bu sosial sığorta ödənişi üzrə hesablamalar əməkhaqqı 2500 manatadək və 2500 manatdan çox olan hissələrə bölünməklə iki aralıqda aparılır.
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli -2026
2026-ci ildə əməkhaqqından tutulmalar özəl sektorda bu dəyişikliklərdən sonra aşağıdakı kimidir:
- Gəlir vergisi (GV): 2500 manatadək (Gross– 200) × 3%, 2500 – 8000 manat arası 75+ (Gross-2500)* 10%, 8000 manatdan yuxarı olduqda 625 manat + (GrOss-8000)*14%;
- Məcburi Dövlət Sosial Sığortası (MDSS): 200 manatadək Gross*3%, 200-8000 manat aralığında (Gross-200)*10%+6, 8000 manatdan yuxarı olduqda (Gross-8000)*10%+786;
- İcbari Tibbi Sığorta (İTS): 2500 manatadək Gross × 2%, 2500 manatdan çox olduqda (Gross-2500)*0,5%+50;
- İşsizlikdən sığorta (İS) = Gross × 0.5%
Bu qaydalar 2026-cı ildə nettdən grossa əməkhaqqı hesablanması zamanı da nəzərə alınmalıdır.
2026-cı ildə nettdən grossa əməkhaqqı hesablanmasının əsasları
Əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də əməkhaqqıdan tutulmalar fərqli aralıqlarda fərqli qaydalara tətbiq edilir. Sadəcə bu intervallarda müəyyən dəyişikliklər var.
Hesablamalar zamanı hansı düsturun tətbiq ediləcyəini müəyyən etmək üçün ümumi əməkhaqqının yuxarıda qeyd edilən intervallardan hansına uyğun gəldiyini təxmin etməkdir. İntervalların sərhədlərində bunu təxmin etmək daha vacibdir və bu hesablamalara daha çox təsir edir.
Bütün bunlar nettdən grossa əməkhaqqının hesablanmasına da təsir edir. Aşağıda özəl sektor üçün 0-2500 manat intervalında hesablama ardıcıllığı verilib. Həmin hesablanmalar ümumi maaş hesablanmasının riyazi mahiyyətini anlamağa kömək edər. Hesablama ardıcıllığı digər intervallar üçün də oxşardır.
Ümumi maaş 0 – 2500 manat aralığında olduqda hesablamalar
Bu aralıqda gəlir vergisi 3% -dir. VM-in 102.1.6 -ci maddəsinə görə:
- GV = (Gross – 200) × 0.03 = 0,03* Gross – 6
İşçinin aldığı xalis əməkhaqqı ümumi əməkhaqqıdan aşağıdakı düsturla hesablanır:
Nett = Gross – (Gəlir Vergisi + MDSS + İşsizlikdən Sığorta + İcbari Tibbi Sığorta )
Bu düstura tutulmalara uyğun dəyərlərini yazsaq:
- NETT = Gross – (0,03* Gross – 6) + 0.125 * Gross – 14)
- NETT = Gross – (0.155 * Gross – 20)
- NETT = 0.845 * Gross + 20
Beləliklə, ümumi maaş 0 – 2500 manat aralığında olduqda nettdən əməkhaqqının hesablanması aşağıdakı qaydada aparılacaq:
GROSS = (NETT – 20) / 0.845
NETT → GROSS kalkulyatoru
Heç kim hesablamalar zamanı texniki səhvlərdən sığortalanmayıb. Həm də uzun-uzun hesablamalar əlavə vaxt itkisidir. Bunu nəzərə alıb sizə Exceldə sadə kalkulyatordan istifadə etməyi tövsiyə edirik.
Kalkulyator həm neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən, həm də neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektorunda çalışan fiziki şəxslərin işçilərin 2026-ildə əməkhaqqından tutulmalarını, habelə nettdən grossa əməkhaqqını hesablamağa (yaxud əksinə) imkan verir.
Faylı buradan yükləyin: Nettdən grossa əməkhaqqının hesablanması kalkulyatoru









