Azərbaycan Respublikası qanunvericiliyinə diqqət yetirdikdə müəyyən etmək mümkündür ki, hər bir istiqamət üzrə müəyyən şəxslərlə bağlı xüsusi status və güzəştlər nəzərdə tutulmuşdur.
Bu yazıda aktual sahələri və müvafiq güzəştləri qeyd etməyə çalışacağıq.
Mövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ölkə Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə hamı qanun qarşısında bərabərdir. Bu isə mövcud normaların hər kəs üçün eyni dərəcədə olmasını, lakin bəzi şəxslər üçün xüsusi statuslar verilməsinə maneə törətmir.
Qanunvericiliyə müvafiq olaraq bəzi sahələr üzrə xüsusi statuslu şəxslər və onlara tətbiq edilən güzəştləri qeyd edirik.
Sığorta qanunvericiliyi
Ünvanlı dövlət sosial yardımı alan şəxslər daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta haqqı ödəməkdən azaddır. Bu şəxslərin sığorta haqqını dövlət ödəyir.
İnzibati xəta və cinayət qanunvericiliyi
Qanunazidd əməlin hamilə qadın və ya yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi halı sanksiyanı yüngülləşdirən hal hesab edilir.
Əmək qanunvericiliyi
Hamilə, 3 yaşınadək uşağı olan qadınlar, bu yaşadək uşağı təkbaşına böyüdən kişilər, öhdəsində 18 yaşınadək sağlamlıq imkanı məhdud və ya I dərəcə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin (müddət bitməsi və müəssisə ləğvi istisna) işəgötürən tərəfindən ləğvi qadağandır. Bu şəxslər üçün müddətli əmək məzuniyyətinə əlavələr müəyyən edilmişdir. İş saatının müddəti, ağır iş şəraiti və ezamiyyət məsələlərində də güzəştlər nəzərdə tutulmuşdur.
Vergi qanunvericiliyi
Şəhid ailəsi üzvü, hərbi əməliyyatlarla əlaqədar (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan) əlilliyi müəyyən edilən şəxslər və ailə üzvlərinin gəlirləri üzrə gəlir vergisindən azadolmalar müəyyən edilmişdir.
Sosial sığorta qanunvericiliyi
Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq məcburi dövlət sosial sığorta haqqından azaddır.
Mənzil qanunvericiliyi
Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu şəxslər – Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş şəxslərin ailə üzvləri, yaşa görə pensiyaçılar, işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş I və ya II dərəcə əlilliyi olan şəxslər, xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində I və ya II dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz.
Dövlət rüsumu haqqında qanun
Məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddır.
Pensiya qanunvericiliyi
Prokurorluq, dövlət qulluğu, hərbi xidmət qulluqçuları, hakimlər, deputatlar, insan hüquqları üzrə müvəkkil, Mərkəzi Seçki Komissiyası üzvü, xüsusi rütbələri olan ədliyyə, fövqəladə hallar, miqrasiya işçiləri, Hesablama Palatası üzvləri üçün əmək pensiyası hesablanarkən qulluq stajına görə əlavələr nəzərdə tutulmuşdur.
Digər qanunvericilik aktları
- Bunlarla yanaşı xüsusi güzəşt və nəzarət tələb edən məsələlər üzrə bir sıra qanunvericilik normaları da nəzərdə tutulmuşdur ki, bunlara aiddir:
- Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun
- Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanun
- Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Qanun
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Qanun
- Uşaq hüquqları haqqında Qanun
- Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Qanun
- Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında Qanun və digər normativ hüquqi aktlar.