Vergi rekvizitləri – 2024
Vergi və digər büdcə daxilolmalarının köçürülməsi üçün xəzinə hesablarının rekvizitləri – qısaca vergi rekvizitləri 2024-cü ilin əvvəlindən yenilənib.
Eyni zamanda aşağıdakı büdcədənkənar fondlara köçürmələr üçün nəzərdə tutulmuş xəzinə hesabları üzrə də dəyişikliklər edilib:
- Məcburi dövlət sosial sığorta vəsaitləri köçürüləcək hesabın (MDSS) rekvizitləri;
- İcbari tibbi sığorta haqları üzrə (İTS) rekvizitləri;
- İşsizlikdən sığorta ayırmaları köçürüləcək hesab üzrə rekvizitlər.
Xəzinə hesabları üzrə rekvizitlər hansılardır?
Rekvizitlər (lat. requisitum – tələb olunan, zəruri) hər hansı sənədin etibarlı hesab edilməsi üçün həmin sənəddə mütləq göstərilməli olan məlumatlar toplusudur. Məsələn, dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitlərini belə qruplaşdırmaq olar:
- xəzinədarlıq orqanının məlumatları;
- bankın məlumatları;
- büdcə səviyyəsi kodları.
Aşağıdakı keçiddə vergi ödəyicilərinin dövlət büdcəsi qırçısında yaranmış öhdəliklərin icrası üçün vacib olan vergi rekvizitləri öz əksini tapıb.
Büdcədənkənar fondlarının hesabları üzrə məlumatlar aşağıdakı keçidlərdə verilib:
Məcburi dövlət sosial sığorta vəsaitləri köçürüləcək hesabın (MDSS) rekvizitləri
İcbari tibbi sığorta haqları üzrə ( İTS ) rekvizitləri
İşsizlikdən sığorta üzrə rekvizitlər haqqında məlumat
Xəzinə hesabı nədir?
Xəzinə hesabı xəzinədarlıq vasitəsilə əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulub. Hesabın açılması AR Maliyyə Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 22 saylı qərarı qəbul edilmiş “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Həmin sənədə görə:
Xəzinə hesabı – vahid xəzinə hesabına milli valyutada pul vəsaitlərinin daxil olmasını, habelə həmin vəsaitlərin vahid xəzinə hesabından məxaric olmasını təmin etmək üçün bu Qayda ilə müəyyən edilmiş formada açılmış hesabdır. |
Bəs vahid xəzinə hesabı nədir?
Vahid xəzinə hesabı aşağıdakı büdcələrə daxil olan pul vəsaitlərinin vahid hesaba toplanmasını və həmin pul vəsaitlərinin istifadəsini təmin edir:
- Azərbaycan Respublikasının dövlət büdcəsinə;
- Naxçıvan Muxtar Respublikasının büdcəsinə;
- Büdcədənkənar dövlət fondlarına;
- ƏDV depozit hesabına;
- Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna;
- Büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarına;
- Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri.
“Büdcə sistemi haqqında” AR Qanununa görə:
Vahid xəzinə hesabı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemidir. |
Büdcə səviyyəsi kodu
Yuxarıda qeyd etdiyimiz keçidlərdəki cədvəllərdə hər bir xəzinə hesabının rekvizitləri ilə yanaşı, uyğun büdcə səviyyəsi kodu da verilib. Ümumiyyətlə, 12 büdcə səviyyəsi kodu vardır ki, onlardan 5-i mərkəzi, 5-yerli büdcəyə, qalanı isə digər büdcədənkənar fondlara aiddir:
1. Azərbaycan Respublikası Büdcəsi (mərkəzi)
1Y Azərbaycan Respublikası Büdcəsi (yerli)
2. Naxçıvan MR Büdcəsi (mərkəzi)
2Y Naxçıvan MR Büdcəsi (yerli)
3 Büdcədənkənar Vəsaitlər (mərkəzi)
3Y Büdcədənkənar Vəsaitlər (yerli)
4. Büdcədənkənar Fondlar (DSMF)
5. Neft Fondu
6. Naxçıvan MR Büdcədənkənar vəsait (mərkəzi)
6Y Naxçıvan MR Büdcədənkənar vəsait (yerli)
7. Depozit və tapşırıqlar (mərkəzi)
7Y Depozit və tapşırıqlar (yerli)
Xəzinə hesabları rekvizitləri, həmçinin büdcə səviyyəsi kodu vergi və büdcəyə digər ödənişlərin köçürülməsi üçün hər bir mühasibin bilməli olduğu məlumatlardandır. Vergi rekvizitləri, habelə MDSS, İTS, işsizlik sığortası rekvizitlərinin, habelə uyğun büdcə səviyyəsi kodlarının səhv işlənməsi köçürmələrin ödəyicilərin şəxsi hesabına işlənməsində çətinlik yaradır.