Vergidən azadolunma məqsədləri üçün meyarlar təsdiq edilib

təsnifat kodlarıNazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə qərar verib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiqlənib.

Aidiyyəti dövlət orqanlarına (qurumlarına) bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirmək tapşırılıb.

Banner

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilsin (əlavə olunur).
  1. Aidiyyəti dövlət orqanlarına (qurumlarına) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 12 mart 2020-ci il
№ 88

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 12 mart
tarixli 88 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların
MEYARLARI
1. Ümumi müddəalar

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları

2.0. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları aşağıdakılardır:

2.0.1. təsis sənədlərində “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi fəaliyyət sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması;

2.0.2. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi;

2.0.3. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması;

2.0.4. ən azı 5 (beş) nəfər elmi işçisinin olması.

3. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

3.0. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:

3.0.1. dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması;

3.0.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması.

4. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

4.0. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:

4.0.1. dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması;

4.0.2. köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.

5. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

5.0. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:

5.0.1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması;

5.0.2. köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.

6. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

6.0. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:

6.0.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması;

6.0.2. teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.

7. Yekun müddəalar

7.1. Ödənişi qəbul edən müəssisə, idarə və təşkilat aid olduğu fəaliyyət sahəsi üzrə bu Meyarlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

7.2. Bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.

7.3. Ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.


Bax: 


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *