fbpx
Home » Vergi » Xəbərlər » Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

birbank biznes

borcların silinməsi, gəlir vergisindən azad, əməkhaqqıdan tutulan vergi, Kassa metodu, Qeyri-rezident şəxslər, Sahibkarlıq subyektlərinin təsnifatı, Məlumatların üzləşdirilməsi, idxalla bağlı məlumat forması, Hüquqi şəxs ödəniş, səhmlərin ticarətə buraxılması,Mövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci dərəcəli mütəxəssisi Ağahüseyn Əsədov şərh edir.

Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
  • hesablanmış faizlərin məbləği;
  • tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 1: Vergi ödəyicisinin 2023-cü ilin 1-ci və 2-ci rübləri uzrə müvafiq olaraq 550 manat və 670 manat vergi borcu vardır. Vergi ödəyicisi 15 iyul 2023-cü il tarixdə 300 manat ödəniş edərsə, bu halda əvvəlcə birinci rüb uzrə borc azaldılacaq.

Misal 2: Vergi ödəyicisinin cari tarixə 500 manatlıq vergi borcu, 300 manat faiz borcu və 400 manatlıq maliyyə sanksiyası mövcuddur. Vergi ödəyicisi 650 manat ödəniş etdikdə, vergi borcu üzrə məbləğ tam ödənilir və 300 manatlıq faiz borcunun 150 manatı ödənildikdən sonra 150 manat faiz borcu qalır. Həmçinin, 400 manatlıq maliyyə sanksiyası ödənilməmiş qalır. Vergi ödəyicisi 1 həftə sonra 250 manat ödəniş edərsə, o halda 150 manatlıq faiz borcu tam silinir və 100 manat maliyyə sanksiyası üzrə borcun bir hissəsinin ödənilməsinə yönəldilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faiz hesablanması yalnız vergi və cari vergi ödəmələrinə şamil edilir. Vergi ödəyicisinin faiz və maliyyə sanksiyası üzrə borcuna faiz hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Misal 3: Vergi ödəyicisinin 2022-ci ilin 3-cü və 4-cü rübləri uzrə müvafiq olaraq 480 manat və 690 manat məcburi dövlət sosial sığorta ayırması üzrə borcu vardır. Vergi ödəyicisi 15 yanvar 2023-cü il tarixdə 560 manat ödəniş edərsə, bu halda həmin məbləğ cari rüb, yəni 4-cü rüb uzrə borcun ödənilməsinə sərf olunacaq. Cari rüb uzrə borclar tam ödənildikdən sonra əvvəlki rüblər üzrə yaranan borclar geriyə doğru müvafiq ardıcıllıqla ödəniləcək.

Vergi ödəyicisinin rüb ərzində olan ödənişləri vergi ödənişlərində olduğu kimi onun şəxsi vərəqəsinə birbaşa işlənilmir. Həmin ödənişlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” kimi qeyd edilir və hesabat bəyan edildikdən sonra yaranan borc qədər şəxsi hesab vərəqəsinə işlənilir.

Misal 4: Vergi ödəyicisi aprel, may və iyun aylarında hər ay üzrə 2500 manat sosial ayırma ödəyib. Vergi orqanı rüb ərzində daxil olan 7500 manatı (2500 manat x 3 ay) “Sosial üzrə bölüşdürülməmiş ödənişlər”də qeyd edir. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 2023-cü ilin 2-ci rübü üzrə sosial ayırma öhdəliyi 7200 manat təşkil edib. Bu halda vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə 7200 manat işlənir, 300 manat isə “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd edilir.

Vergi Məcəlləsinin 88.3-cü maddəsinə əsasən, cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir.

Misal 5: Vergi ödəyicisinin 2023-cü ilin I rübü üzrə məcburi dövlət sosial sığortası üzrə 1200 manat ödənilməmiş borcu qalıb.Vergi ödəyicisi aprel və may aylarında cəmi 3500 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyib. Vergi ödəyicisinin 2023-cü ilin II rübü üzrə təqdim etdiyi vahid bəyannaməyə əsasən, 3300 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranıb. Bu zaman ödənilən 3500 manatın 3300 manatı cari rüb üzrə borca, 200 manatı isə 1200 manatlıq borca aid ediləcək. Vergi ödəyicisinin öncəki dövrdən qalan 1000 manat borcuna faiz hesablanması davam etdiriləcək.

error: Content is protected !!