Milli Məclis tərəfindən yayımlanan Vergi Məcəlləsinə düzəlişlər nəyi ifadə edir?

birbank biznes

Vergi Məcəlləsinə düzəlişlər2023-cü ilin sonuna təsdiqi, 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə əlavə və düzəlişlər üzrə başlıca məqamları təqdim etməyə çalışacağıq. Həmin düzəlişlər aşağıdakı kimidir:

  • Nəzarət kassa aparatının anlayışındakı düzəlişlər əslində funksionallığına dair tələbləri ifadə edir. Belə ki, aparılan pul hesablaşmaları barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet vasitəsilə ötürülməsi imkanına malik olan aparatlar NKA sayılacaq;
  • Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, yalnız alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid ediləcək və vergilər yenidən hesablanacaq;
  • taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi aylıq məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürmək vəzifəsi müəyyən ediləcək. Həmçinin göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək;
  • vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı Məcəllə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatdıqda artırıla biləcək;
  • Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyaları (təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında, ikinci dəfə üçün 20, üçüncü və növbəti dəfə üçün 40% həcmdə) tətbiq ediləcək;
  • vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş gün müddətində baxılacaq. Bu müddət daha 30 iş günü uzadıla biləcək və uzadılma barədə 3 iş günü müddətdə məlumat veriləcək;
  • Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanacaq;
  • Vergi ödəyicisinin (sahibkarlıq subyekti kateqoriyasından asılı olmayaraq) borcu 500 manatdan 300 000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün ünvanladığı müraciətə tələb edilən məlumatları əks etdirən sənədlər əlavə edilməli olacaq;
  • təqvim ili ərzində alınan birdəfəlik müavinətin dəyərinin 2500 (əvvəl 1000) manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq;
  • kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri daha 3 il gəlir vergisindən azad ediləcək;
  • yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi, depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə gəlir vergisindən azad olunacaq;
  • müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan (əvvəl bu tələb yox idi) və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir və mənfəət vergisindən azad ediləcək;
  • Mediasiya təşkilatı ilə bağlanmış mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediasiya təşkilatına daxil olan haqların və mükafatların həmin mediatorlara ödənilməli olan hissəsi mediasiya təşkilatının vergitutulan gəlirlərinə aid edilməyəcək;
  • Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək;
  • Vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilməyəcək;
  • Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməli olacaq;
  • fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq  fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər (əvvəlki redaksiyada hüquqi və fiziki şəxslərə faiz ödəyən hüquqi şəxs və ya fərdi sahibkar idi) ödəmə mənbəyində vergi ödəməli olacaq;
  • Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılacaq;
  • buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı,  heyvan və quş ətinin satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr,publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi, həmçinin kəpəyin istehsalı və satışı 2024-cü ildən sonra daha 3 il müddətə ƏDV-dən azad ediləcək;
  • fiziki şəxsin şəxsi istifadəsi üçün 2 litr energetik içki, 20 ədəd siqarilla və 10 ədəd siqar, 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri, 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, 50 millilitr elektron siqaretlər üçün maye aksizdən azad ediləcək;
  • mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı da 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad ediləcək;
  • dövlət qeydiyyatına alınmalı olan motosikletlər isə aksizli mallara aid ediləcək;
  • aksiz dərəcələri şampan şərabı üçün 2.6-dan 0.2ə düşəcək, digər dərəcələr üzrə artımlar olacaq;
  • Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara və torpaqlara görə həmin əmlakların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə əmlak və torpaq vergilərini ödəməkdən azad ediləcək;
  • vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini bu Məcəlləyə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə biləcək;
  • mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər Məcəlləyə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə edəcək.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov