Hüquqi şəxslərin balansında olan torpaq sahələri ilə bağlı yaranan vergi öhdəlikləri barədə bir sıra spesifik suallar ortaya çıxır. Bu suallara sərbəst auditor Altay Cəfərov konkret misallar əsasında aydınlıq gətirir.
Misal 1: Tutaq ki, “AA” MMC-nin balansında 100.000 manat dəyərində bina vardır və həmin binanın yerləşdiyi torpaq sahəsinin dəyəri 11.000 manatdır. “AA” MMC mühasibat və vergi uçotu baxımından aktivləri necə uçota almalıdır?
Mühasibat uçotu baxımından balansda 100.000 manatlıq bina tikili, 11.000 manatlıq torpaq sahəsi isə torpaq kimi uçota alınacaq. Binaya amortizasiya hesablanacaq, torpaq sahəsinə isə amortizasiya hesablanmır.
Bəs vergi uçotu baxımından məsələ necədir?
Vergi Məcəlləsində torpaq, tikili və avadanlıqlar adı ilə hər hansı izah, tərif və ya bölməyə rast gəlinmir. Məcəllənin 13.2.17-ci maddəsində isə əsas vəsaitlər anlayışının açılışı verilib: “Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”.
Məcəllənin bu maddəsinin tələblərinə əsasən, dəyəri 500 manatdan yuxarı, istifadə müddəti 1 ildən çox olduğu və amortizasiya hesablandığı üçün misalımızdakı bina əsas vəsait kimi qəbul olunur.
Torpaq sahəsinin isə istifadə müddəti müddətsiz, dəyəri 500 manatdan yuxarı olmasına baxmayaraq, onu vergi uçotunda əsas vəsait kimi qəbul etmək olmur, çünki torpaq sahəsi amortizasiya olunmur. Vergi Məcəlləsinin 114.2.-ci maddəsində göstərilib ki, torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.
Ona görə də torpaq sahəsini vergi uçotunda digər maddi aktivlər kimi uçota almaq lazımdır.
Bəs bu məlumatlar illik bəyannamələrin əlavələrində hansı sətirlərdə əks olunmalıdır?
İllik mənfəət, gəlir, sadələşdirilmiş vergi bəyannamələrində torpaq sahəsi digər aktivlər sətrində qeyd edilməlidir. Yəni ilin əvvəllinə torpaq sahəsinin qalığı, daxil olması, silinməsi, təqdim edilməsi və ləğv edilməsi bu sətirdə yazılmalıdır.
Misal 2: Tutaq ki, “AA” MMC mənfəət vergisi ödəyicisidir və 11.000 manat dəyəri olan torpaq sahəsini 20.000 manata satıb. Həmin əməliyyat mənfəət vergisi bəyannaməsində necə qeyd edilməlidir?
Vergi Məcəlləsinə əsasən, torpaq sahəsi əsas vəsait sayılmasa da, digər amortizasiya olunmayan aktivlər kimi qəbul olunur. Ona görə də torpaq satışından əldə edilmiş 20.000 manat məbləğ mənfəət vergisi bəyannaməsinin 202-ci sətrində “Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir” yazılmalıdır. Torpaq sahəsinin balans dəyəri olan 11.000 manat isə bəyannamənin 219.2-ci sətrində “Təqdim olunmuş (amortizasiya edilməyən) aktivlərin qalıq dəyəri” sətrində yazılmalıdır.
1 yanvar 2021-ci ildən torpaq sahələrini satan hüquqi şəxslər bu əməliyyatda sadələşdirilmiş vergi ödəyiciləri sayılmırlar. Onların bu əməliyyatları artıq mənfəət vergisinə cəlb olunan əməliyyat hesab olunur. Ona görə də satışla bağlı bəyannamə dolduran zaman yuxarıda göstərilmiş qaydalara əməl olunmalıdır.
Bax: