Sual: Təsisçi dəyişikliyi zamanı vergi öhdəlikləri yarana bilərmi? MMC-nin əsas vəsaitinin olub-olmamasının bu vergi öhdəliyinə təsiri varmı?
Cavab: Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir.
İştirak payları digər şəxslərə təqdim etdiyi (satdığı) halda alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin xalis dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı müsbət fərqdən, habelə iştirak payları aktivlərin xalis dəyərindən yuxarı qiymətə təqdim edildikdə onların satış qiyməti ilə nominal dəyəri arasındakı fərqdən rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir. Bu zaman qeyd edilən təsis payı digər şəxsə təqdim edildikdə, həmin hüquqi şəxsin balansında olan aktiv və passivlər də nəzərə alınmalıdır.
Rezident hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən həmin rezident hüquqi şəxsdəki təsis paylarının (iştirak paylarının) rezident şəxslərə təqdim edilməsindən əldə olunan gəliri Azərbaycan mənbəyindən gəlirlərə aid edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. Qeyd edilən gəlirin ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda isə qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.
Bununla belə, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.1-ci, 99.3.8-ci, 101.2-ci, 104.1-ci, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.