Tenderə necə qoşulaq? (Şərtlər, qanunvericilik, həll yolları) – I yazı (Tenderə hazırlıq)

Tender satınalmanın ən geniş yayılmış və ən tanınan üsullarından biri olduğu üçün yazılarımızda bu barədə məlumat verməyə çalışacağıq. Əvvəla qeyd edək ki, tender satınalmanı həyata keçirmək üçün təşkil edilən bir müsabiqədir. Bu müsabiqənin nəticəsində tender təşkil edən tərəf – alıcı arzuladığı malı (iş və ya xidməti) sərfəli şərtlərlə əldə edir, tender iştirakçısı isə öz məhsulunu (iş və ya xidməti) sata bilir.

Azərbaycan Respublikası Qanunvericiliyinə görə Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri hesabına alınması “Dövlət satınalınmaları haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələrək bu müəssisələr üçün vahid satınalma prosesini tənzimləyən etender.gov.az internet portalı qurulub. Müəssisələr növbəti il üçün planlaşdırılan satınalmaları cari ilin 15 oktyabrınadək həmin portalda yerləşdirildikdə planlaşdırılmış hesab edilir. Əgər yuxarıda qeyd edilən müəssisələrin tender və ya digər satınalma prosesində iştirak etmək istəyirsinizsə, qanunda göstərilən malgöndərənlərə aid tələblərə cavab verməlisiniz. Əks halda tenderi yaxud digər üsulda satınalmaya qoşulmağı yaddan çıxarmaq olar.

Malgöndərənlər üçün başlıca tələblərə aiddir:

  • Müvafiq sahədə peşəkarlıq, təcrübə, işçi qüvvəsinə malik olma, etibarlılı;
  • Satınalma müqaviləsi bağlamağa səlahiyyəti olma – bu səlahiyyət ya nizamnamədə, ya da ayrıca müqavilədə, əmrdə, sərəncamda göstərilməlidir;
  • Ödəmə qabiliyyəti, müflis olmama, əmlakındam sərbəst istifadə qabiliyyəti;
  • Vergi və digər öhdəlikləri qalmamalı, son 1 il üçün fəaliyyət dayandırılmayıbsa, vergi üzrə vəzifələri yerinə yetirməmə halı olmamalıdır;
  • Peşə fəaliyyəti yaxud satınalma üzrə son 5 il üçün cinayət məsuliyyəti olmaması;
  • Tələb olunduğu halda müvafiq fəaliyyətə görə icazə və ya lisenziya olmalıdır.

Onu da qeyd edək ki, əksər hallarda satınalma həyata keçirən təşkilat bu tələblərə dair təsdiqedici sənədləri tələb edəcəkdir. Bu tələb ya satınalmadan əvvəl yaxud da sonra üçün irəli sürülür. Hər bir malgöndərən satınalma prosedurunda iddiaçı statusu əldə edir və satınalmaya qoşulur.

Mövcud qanunvericiliyə görə 50.000 (əlli min) manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 5.000 (beş min) manatdan 50.000 (əlli min) manatadək olan satınalmalar qanunvericilik tələblərinə riayət etməklə kotirovka sorğusu üsulu ilə həyata keçirilə bilər. Sonuncu üsulun mahiyyətinə görə satınalınan mal (iş və ya xidmət) üzrə bu sahədə iddiaçı olan azı 3 iştirakçıya mal (iş və ya xidmət) üzrə bir qiymət təklifi verilməsi bildirilir. Ən aşağı qiymət verən iddiaçı ilə müqavilə bağlanaraq satınalma həyata keçirilir.

Əvvəldə qeyd edilən müəssisələrin elan etdiyi tenderdə iştirak edən iddiaçılar tender başlanmazdan əvvəl öz sənədlərini təqdim etmək öhdəliyi daşıyır. Tenderə təqdim ediləcək sənədlərə aiddir:

  • Tenderdə iştirak üçün ərizə. Bu formanı tenderi təşkil edən müəssisə də verə bilər. Digər halda iddiaçı “biz ___ tenderdə iştirak etmək üçün sənədləri təqdim edirik” formasında da ərizələrini verə bilir. Bu formanı tender təşkilatçısı ilə dəqiqləşdirmək məqsədəuyğundur.
  • Tenderdə iştirak haqqını ödədiyini təsdiq edən sənəd. Bu iştirak haqqı iddiaçının fəaliyyət qabiliyyətini, həm də ciddiliyini müəyyən etmək üçün əsas sayılır.
  • Tender təklifi. Satınalma aparılan mal (iş və ya xidmət) üzrə iddiaçı öz təklifini bu sənəddə əks etdirməlidir.
  • Malgöndərən barədə sənədlər. Malgöndərənlərin tenderə uyğunluğunu təsdiq edən sənədlərlə yanaşı son 1 ildəki maliyyə vəziyyəti barədə arayış və qeydiyyata alınma statusu barədə sənədlər buraya daxildir.

Bu sənədlər tender proseduru başlanmasına 7 bank günü qalmış verilməlidir. Təkcə tender təklifi 1 bank günü qalanadək verilə bilər. Müəyyənləşdirilmiş qaydada hazırlanmış, iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək satınalan təşkilatla təqdim olunur. Əsasən manatla ifadə edilən təkliflər üzrə 1% tender təklifinin təminatı da tələb edilə bilir ki, bu məbləğ tenderdən sonra qaytarılır.

Banner

Onu da qeyd edək ki, tender proseduru və bütün tələblər tender şərtlər toplusunda əks etdirilir və iddiaçılar tender barədə elan verildikdən, həmçinin tenderlə bağlı müraciət qəbul olunduqdan sonra bu şərtlər toplusu ilə tanış ola bilər.


Bax: II yazı – Tenderə hazırlıq