Sual: Daşınmaz əmlakın icarə verilməsi zamanı (Subicarə nəzərdə tutulmamışdır) icarəyə verən və icarəyə götürən şəxslərin hər ikisi də vergi ödəyicisi kimi Vergi orqanlarında uçotda olarsa (Yəni hər ikisinin aktiv VÖEN-i olarsa) icarəyə götürən şəxs ödəmə mənbəyində vergini tutmadan ödəmə edə və müvafiq vergini icarəyə verən tərəf özü tutub büdcəyə ödəyə bilərmi. Eyni zamanda müvafiq vergi bəyannaməsini icarəyə verən tərəf təqdim edə bilərmi? (vergi öhdəlikləri)
Əgər icarə münasibətlərinin əsas tənzimləyicisi hesab olunan icarə müqaviləsində Ödəmə mənbəyində verginin tutulub büdcəyə ödənilməsi icarəyə verən tərəfin öhdəliklərinə (Vəzifələrinə) aid olunarsa bu hal icarəyə götürən tərəfi müvafiq vergini tutub büdcəyə ödəmək öhdəliyindən azad edirmi? (Hər iki tərəf aktiv VÖEN-i olan fərdi sahibkarlardır)
Cavab: Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu üçün icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.
Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.
Mənbə: taxes.gov.az
Bax:
-
Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?
-
İcarəyəverən vergi ödəyicisi olmayan halda kommunal xərclər icarəçi üçün necə xərc kimi nəzərə alına bilər?
-
İcarə zamanı vergi və bəyannamə təqdim etmək öhdəliyi
-
Müavinət işsizlikdən sığorta haqqına cəlb edilirmi?
-
Aktivlərin təqdim edilməsi ƏDV-yə necə cəlb olunur?