MMC ofis ləvazimatlarının pərakəndə satışını həyata keçirir və sadələşdirilmiş verginin ödəyicisidir. Şirkət 2023-cü ilin 1-ci rübündə nəzarət-kassa aparatı vasitəsilə 11.000 manat, 5.000 manat məbləğində isə elektron qaimə-faktura ilə fərdi sahibkara satış həyata keçirib. Bu halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.
Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Əsas: Vergi Məcəlləsinin 218.6.2-ci və 218.7-ci maddələri.
Mənbə: vergiler.az