Rezident müəssisə ilə qeyri-rezident arasında bağlanmış müqaviləyə əsasən, xidmətlər göstərildikdən sonrakı 30 gün ərzində rezident müəssisə xidmətlərin dəyərini qeyri-rezidentə ödəməlidir. Müqavilənin şərtlərindən biri də ödənişin gecikdirilməsinə görə hər gecikmiş gün üçün müqavilə dəyərinin 0,1 faizi həcmində cərimənin ödənilməsidir. Bu müqavilə əsasında qeyri-rezidentə ödənilən cərimədən vergi tutulmalıdırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 125.1.1 –125.1.4-cü, 125.1.6 – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrdən ödəmə mənəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Buna əsasən, qeyri-rezident tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan məbləğin vaxtından gec ödənilməsi ilə bağlı qeyri-rezidentə ödənilən cərimə məbləği qeyri-rezident hüquqi şəxsin Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərinə aid edildiyindən cəriməni ödəyən rezident tərəfindən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.
Eyni zamanda rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.
Əsas: Vergi Məcəlləsinin 125-ci və 159-cu maddələri.
Mənbə: vergiler.az
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər