Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?
Sual: Açıq səhmdar cəmiyyətinin qeyri-rezident səhmdarı (fiziki və hüquqi şəxs) öz səhmini digər qeyri-rezidentə (fiziki və hüquqi şəxs) satır. Əvvəlki qeyri-rezidentin adı və səhm payı Nizamnamədə əks olunub. Səhmdar qeyri-rezident öz səhmini digər qeyri-rezidentə satdıqda hansı vergilər yaranır və onların ödənişi necə həyata keçirilməlidir?
Cavab: Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən payının digər qeyri-rezident şəxsə təqdim edilməsi zamanı qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq mənfəət və ya gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.
Belə ki, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (mənfəətdir). İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.
Vergi Məcəlləsinin 104.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.
Vergi Məcəlləsinin 149.1.3-cü və 149.1.3-1-ci maddələrinin müddəalarına görə vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxs və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.
Mənbə: taxes.gov.az
Bax:
Sənədsiz mallar necə rəsmiləşdirilə bilər?
Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi vergi öhdəliyi yaradır?
Əgər işçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?
Eyni vaxtda iki qayda pozuntusuna görə maliyyə sanksiyasının hesablanması
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər?
Bina tikintisi fəaliyyəti zamanı vergi öhdəlikləri
Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi