Qeyri-kommersiya təyinatlı vebsaytımı hüquqi şəxs kimi qeydiyyatdan keçirmək istəyirəm. Host və domenin pulunu özüm ödəyirəm, illik xərci 100 manatdan çox deyil. Bilmək istəyirəm ki , belə bir saytı hüquqi şəxs kimi qeydiyyatdan keçirmək olarmı? Özümə maaş yazmalı və əmək müqaviləsi bağlamalıyammı? Onlayn qeydiyyat zamanı əmək müqaviləsini doldurmaq, iş saatı, maaş yazmaq tələb edilirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-kommersiya təşkilatı dedikdə, qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda, bu təşkilat kommersiya təşkilatı sayılır.
Qeyri-kommersiya təşkilatlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə, vergi uçotuna dair məlumat almaq üçün isə (195-1) Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün müvafiq ərizə vergi orqanına təqdim edilməlidir. Vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları”altbölməsindən, təqdim olunmalı lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” altbölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır.
Sorğuda qeyd olunan digər məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur (Çağrı Mərkəzi 142, www.sosial.gov.az).
Mənbə: vergiler.az