Təcrübədə maraq doğuran hallardan biri qeyri-kommersiya təşkilatlarının mənfəət vergisi bəyannamələrini təqdim edilib-edilməməsi ilə bağlıdır. Sual yaranır ki, ictimai birliklər, fondlar (qeyri-kommersiya qurumları) mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlərmi? Suala sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib:
Öncəliklə Vergi Məcəlləsinin 103 və 149-cu maddələrinə nəzər yetirməliyik. Belə ki, Vergi Məcəlləsinin 103.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Məcəllənin 149-cu maddəsinə görə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.
Maddələrə nəzər yetirəndə görürük ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər 3 yerə bölünmüşdür:
- Rezident və qeyri-rezident kommersiya müəssisələri (mənfəət vergisi ödəyiciləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)
- Kommerisiya fəaliyyəti olan qeyri-kommersiya təşkilatları (mənfəət vergisi ödəyicləridir və mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər)
- Kommerisiya fəaliyyəti olmayan qeyri-kommersiya təşkilatları (mənfəət vergisi ödəyicisi deyildir və mənfəət vergisi bəyannaməsini təqdim etməli deyillər)
Vergi Məcəlləsinin 13.2.38-ci maddəsinə əsasən, büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya təşkilatıdır. Deməli ictimai birliklər, fondlar kimi büdcə təşkilatları da qeyri-kommersiya təşkilatları sayılırlar.
Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsi qeyri-kommersiya fəaliyyəti sayılır. Əks halda, bu fəaliyyət kommersiya fəaliyyəti sayılar. (VM 13.2.27)
Deməli, qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul olduqda bu artıq kommersiya fəaliyyəti sayılır. Amma belə olan halda qeyri-kommersiya təşkilatı kommersiya təşkilatı sayılmır. Yəni fəaliyyət və hüquqi şəxslərin təşkilatı hüquqi forması ayrı-ayrı hallar və anlayışlardır.
Yəni büdcə təşkilatı və ya digər qeyri-kommersiya təşkilatı kommersiya fəaliyyəti ilə məşğul ola bilər, amma bu, o demək deyil ki, onlar kommersiya təşkilatlarıdır.
Misal: “AA” ictimai birliyi 2020-ci ilə müvafiq qaydalara uyğun olaraq 100.000,00 qrantlar əldə etmişdir. Həmçinin 2021-ci ildə qrantlardan daxil olmalar 50.000,00 manat və layihələr əsasında 30.000,00 manat xidmət göstərmişdir.
İctimai birliyin 2020-ci ildə kommersiya fəaliyyətindən gəliri olmadığına görə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsini təqdim etməli deyildir. Ola bilər ki, hüquqi şəxs olduğuna görə mənfəət vergisi bəyannaməsini təqdim etməsi üçün vergi orqanlarından məktublar daxil olsun. Belə olan halda, qurumun qeyri-kommersiya təşkilatı olduğunu bildirmək kifayət edir.
Artıq 2021-ci ildə isə birliyin kommersiya fəaliyyətindən 30.000,00 manat gəliri olduğuna görə illik mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.
Misal: “AA” büdcədən maliyyələşən büdcə təşkilatıdır. 2020-ci ildə büdcədən maliyyələşmədən əlavə olaraq xidmətlərin göstərilməsindən 100.000,00 manat sifarişçilərdən xidmət haqları daxil olmuşdur. Amma 2021-ci ildə kommersiya fəaliyyətindən heç bir daxilolmalar olmamışdır. Bu zaman sual yaranır ki, təşkilat mənfəət vergisini necə verməlidir?
Təşkilatın kommersiya fəaliyyətindən gəlirləri olduğu üçün 2020-ci ilin mənfəət vergisi üçün bəyannaməsini təqdim etməlidir. Amma 2021-ci il üçün mənfəət vergisi bəyannaməsini verməyəcəkdir, ona görə ki, kommersiya fəaliyyətindən gəlirləri olmamışdır.
Vergi orqanlarından uyğunsuzluq məktubları daxil ola bilər ki, 2020-ci ildə mənfəət bəyannaməsi verilmişdir, amma 2021-ci ildə verilməmişdir. Bu zaman yuxarıda qeyd etdiyim kimi açıqlamalar təqdim edilməklə uyğunsuzluğu aradan qaldırmaq olur. Yəni qeyri-kommersiya təşkilatlarının birbaşa mənfəət vergisi ödəyicisi olmaq öhdəliyi və ya mükəlləfiyyəti yoxdur, sadəcə kommersiya faəliyyətindən gəliri olanda mənfəət vergisi bəyannaməsini təqdim etməlidirlər.
Mənbə: vergiler.az
Bax: ƏDV ödəyicisi olmayan vergi ödəyicisi əvvəlki tarixə ƏDV ödəyicisi ola bilərmi?