Bank əməliyyatları zamanı ödəniş tapşırıqlarına qoyulan tələblər

Mülki-hüquqi müqavilə,Mühasiblər təcrübədə bank əməliyyatlarını həyata keçirən zaman ödəniş tapşırıqları ilə bağlı müəyyən suallarla qarşılaşırlar. Mövzunu mühasib İlkin Lələyev şərh edir.

Vergi Məcəlləsinin 16.11-ci maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

  • bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə – tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;
  • xarici ticarət fəaliyyəti üzrə – yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;
  • borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;
  • avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

Ofşor ölkə ilə güzəştli vergi tutulan ölkənin eyniləşdirilməsi düzgündürmü?

Əgər vergi ödəyicisi elektron qaimə-faktura əldə edibsə, həmin elektron qaimə-faktura üzrə (o cümlədən mütəmadi xarakterli əməliyyatlarda, ay ərzində bir neçə dəfə elektron qaimə-faktura əldə edilmiş ödəyicilərə münasibətdə) ödəniş zamanı – elektron qaimənin seriya və nömrəsini (istəyə uyğun tarixi, əsaslandığı müqavilənin nömrəsi) göstərməlidir. ƏDV depozit hesabından (həmçinin bank hesabından) qarşı tərəfin ƏDV depozit hesabına ödəmə zamanı da bu qayda tətbiq edilir. Qeyd edək ki, faktiki elektron qaimə-faktura üzrə ödəniş edilirsə, müqavilə üzrə məlumatların qeyd edilməsi məcburi deyil.

Avans ödənişi zamanı ödəniş tapşırığında təyinatda avans ödənişi olduğunu qeyd etməklə, tələbnamənin və ya əsaslandığı müqavilənin (varsa, əlavəsinin) tarixi və nömrəsi göstərilməlidir.

Banner

Büdcəyə vergi (sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya gömrük ödəmələri) ödənişləri edərkən müvafiq büdcə ödəməsinin növü, dövrü barədə məlumatların qeyd edilməsi tövsiyə olunur.

Bəs vergi ödəyicisi icarədara icarə haqqı ödəyən zaman hansı məlumatları göstərməlidir?

Qanunvericiliyin tələbinə əsasən, icarəyə verən vətəndaş olduqda elektron qaimə-faktura təqdim etmir, icarə haqqından ödəmə mənbəyində vergi tutularaq icarəyə verənə ödəmə aparılır. Bu halda icarə haqqının ödənildiyi dövrün, müqavilənin tarixinin və nömrəsinin qeyd edilməsi tövsiyə edilir.


Vergi orqanının tələbi ilə maliyyə hesabatını kim təqdim etməlidir?

Qeyd edək ki, fərdi sahibkarlar tərəfindən icarəyə verilmiş əmlaklar üçün bəzən elektron qaimə-faktura əldə etmək mümkün olmur. Bu halda da yuxarıda qeyd olunan vətəndaşlar üzrə ödəmə təyinatını tətbiq etmək mümkündür.

Borc ödənişləri zamanı təyinatda borc ödənişi olduğu qeyd edilməklə, tələbnamənin və ya borc müqaviləsinin (varsa, əlavənin) tarixi və nömrəsi göstərilməlidir. Qeyri-rezidentlərə ödəmə edərkən onlardan xidmətlərin alışına dair – işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi, malların alışı üzrə yük gömrük bəyannaməsinin seriya və nömrəsi göstərilməlidir. Mal hələ göndərilməyibsə, yaxud ölkə ərazisinə daxil olmayıbsa, yəni avans ödəməsidirsə, yuxarıda qeyd edilən avans təyinatı üzrə məlumatlar qeyd olunmalıdır.

Təsisçiyə dividend ödənişi üçün hansısa icbari məlumatlar müəyyən edilməyib. Bu halda, dividend qərarının tarixini və nömrəsini qeyd edib ödəniş etmək mümkündür.

Xatırladaq ki, Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən, bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: vergiler.az