“Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş düzəlişlərə əsasən artıq 01 yanvar 2022-ci il tarixdən etibarən bəzi ödənişləri də nağd qaydada etmək mümkün olmayacaq.
Bu ödənişlərə aiddir:
– ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər – bu o deməkdir ki, artıq avtomobil satışı ixtisaslaşmış müəssisələr (misal: avtosalonlar) yaxud komissiya müqabilində satışı həyata keçirən təşkilatlar vasitəsilə həyata keçirilərsə, ödəniş yalnız nağdsız qaydada aparılacaq.
– pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər – bu normanı belə izah etmək mümkündür ki, əgər 4 min manatdan artıq (4001 manatdan başlayaraq) hər hansı məhsulu topdan deyil, pərakəndə halda alırıqsa, ödənişi yalnız nağdsız qaydada etmək mümkündür.
– Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər – bu normaya görə isə dövlət və ya özəl olmasından asılı olmayaraq tibb müəssisəsi tərəfindən aparılan 1 iş (xidmət, əməliyyat) üzrə ödəniş məbləği 501 manat və daha çoxdursa, ödəniş yalnız nağdsız olmalıdır. Misal: Şəxsin həm analiz verməsi, həm də həkim qəbulu, həm də ki müalicə xərcləri cəm halında 501 manatdır və ya çoxdursa, ödəniş nağd ola bilsə də, bu 3 xidmətdən biri 501 manatı keçdikdə nağdsız olmalıdır.
– “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) – bu normanın məzmununu misallarla izah etsək demək mümkündür ki, şəxs lotereyada 3001 manat qazanarsa, yaxud idman oyunlarının 3-cüsü 3001 manat məbləğində pul mükafatı alıbsa, bu mükafat nağdsız ödənilməli olacaq.