Nağdlaşdırmaya görə ödəmə mənbəyində vergi tutulması

birbank biznes

ödəmə mənbəyində vergi, Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsi 2022,Təcrübədə ən çox rast gəlinən hallardan biri də hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filiali və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində vergi tutulmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

  • Bu tələb sırf vergi ödəyicilərinə aid olduğundan vətəndaşlardan nağdlaşdırmaya görə vergi tutulmur. Məsələn, tutaq ki, “AA” MMC işçinin əməkhaqqı kartına 500 manat köçürüb, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Bundan əlavə, vətəndaşın bank hesabına pul köçürülərkən həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi hesablanmır.
  • Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti də məşğul olsun, vergi ödəyicisi bank hesabından nağd pul çıxardıqda 1 faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Əməkhaqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı bank hesabından nağd pul çıxarılmasına görə bütün hallarda 1 faiz vergi tutulur.

  • Bələdiyyələr bank hesabından vəsait çıxaran zaman 1 faiz sadələşdirilmiş vergi tutulmur.

Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir.

Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəməməlidirlər.

  • Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir.

Yəni gəlir və ya mənfəət vergisi ödəyici müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı / vergiler.az