Nazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” ilə bağlı sual doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Qaydanın 2.1-ci maddəsində qeyd edilir ki, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən edilir.
Qaydaya əsasən, vergi ödəyicisi bank hesabından əməkhaqqı təyinatı ilə çıxardığı vəsaiti təsərrüfat xərcləri üçün istifadə etməməlidir.
Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır.
Göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur.
Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.
Misal 1: Vergi ödəyicisi 18 yanvar 2021-ci il tarixdə bank hesabından çıxardığı 15.000 vəsaiti 19 yanvar 2021-ci il tarixdə kassaya mədaxil edib. Vergi ödəyicisinin vəsaiti həmin gün yox, növbəti gün kassaya mədaxil etməsi uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman vergi orqanının Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, maliyyə sanksiyası tətbiq etmək hüququ var.
İkinci tələb ondan ibarətdir ki, bank hesabından çıxarılan vəsait kassaya kassa mədaxil orderində qeyd edilməklə mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla, xərclənməsinə qərar verə bilməz.
Misal 2: Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 3.000 manat çıxartmağa qərar verir. Bu halda vergi ödəyicisi həmin vəsaiti mütləq kassaya mədaxil etməli, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş etməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd edilən qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.
Üçüncü tələb odur ki, bank hesabından çıxarılmış nağd pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və ya bank hesabından çıxarışda göstərilən məbləğə uyğun olmalıdır.
Misal 3: Vergi ödəyicisinin çekinin kötüyündə 4.000 manat yazılıb, ancaq bank hesabından həmin məbləğdən fərqli vəsait çıxarılıb. Bu, vergi ödəyicisi tərəfindən uçot qaydalarının pozulmasıdır.
Mənbə: vergiler.az
Bax:
Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
Sərbəst vəsaitlərin xərclənməsi üzrə öhdəliklər
İşçi vəfat etdikdə vərəsəsinə ödənilən müavinətdən gəlir vergisi və digər məcburi tutulmalar aparılmalıdırmı?
Ödəmə mənbəyində verginin tutulması
İcarə müqaviləsi notarial qaydada təsdiqlənməsə obyekt kodu almaq mümkündür?