Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxslər yenidən rəhbər işçi ola bilərmi?

birbank biznes

Müflisləşmə ilə bağlı vəzifədən azad olunmuş rəhbər şəxs yenidən rəhbər işçi ola bilərmi? (bank, sığorta sektoru və qiymətli kağızlar bazarı üzrə)

Bu yazımızda müflisləşmə halında sığorta sektoru üzrə hansı rəhbər işçilərinin, bank sektoru üzrə isə inzibatçıların yenidən rəhbər vəzifələrə təyinatı barədə qanunvericilik üzrə müvafiq izah verməyə çalışacağıq.

1) Bank sektoru

Bank sektoru üzrə inzibatçı anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı olmuş şəxslər 2 il ərzində başqa bankın inzibatçısı ola bilməzlər.

Qeyd edək ki, bank sektoru üzrə inzibatçı dedikdə bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri başa düşülür.

2) Sığorta sektoru

Sığorta sektoru üzrə sığortaçının rəhbər işçisi anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır.

Sığortaçının rəhbər işçisi olmaq istəyən bu şəxslər isə müflis elan olunaraq ləğv etmə barədə qərar qəbul edildikdən sonra 5 il müddətində rəhbər işçi vəzifələrinə təyin oluna bilməzlər.

Onu da qeyd edək ki, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləridir.

Göründüyü kimi 2 halda da müvafiq qərarın qəbulundan azı 1 il (12 ay) əvvəlki dövrdə müvafiq proseslərdə iştirak etmiş şəxslər (bank sektoru) yaxud rəhbər işçi vəzifəsində işləmiş şəxslərə müvafiq məhdudiyyət nəzərdə tutulur.

3) İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı olan müəssisələr – lisenziyalaşdırılan şirkətlər

Lisenziyalaşdırılan şirkətlər üzrə rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin və ya daxili audit xidmətinin üzvü olmamalıdırlar.

Qeyd edək ki, lisenziyalaşdırılan şirkətlərdə icra orqanının, müşahidə şurasının, daxili audit xidmətinin üzvü, habelə investisiya şirkətinin filiallarının rəhbərləri üçün bu tələb mövcuddur.

Bu sahədə digər iki sektordan fərqli olaraq müvafiq qaydada ləğv edilmiş şəxslərdə rəhbər vəzifə tutmuş işçilərin hansı müddətdə yenidən digər lisenziyalaşdırəlan şirkətlərdə rəhbər vəzifəyə təyin oluna bilməməsi qeyd edilməmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Vergi ödəyicilərinin hesabatlılığı

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *