Müəssisə incəsənət əsərlərinin sərgisi ilə məşğuldur və əldə etdiyi gəlirlərdən müəlliflərə haqq ödəyir. Müəllifə ödənilən haqq royalti kimi ödəmə mənbəyindən vergiyə cəlb edilməlidirmi və ümumiyyətlə, müəssisənin və müəllifin hansı vergi öhdəlikləri yaranır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.
Müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilən müəlliflik qonararlarından müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.
Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.
İncəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.
Mənbə: vergiler.az
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?