Qanunvericiliyə əsasən, məzuniyyətə çıxarkən işçilərə məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən müavinətlər, yardımlar da ödənilir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.
İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi qaydaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilib. Qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər.
Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərin verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.
Əmək münasibətlərinə xitam verilərkən işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədi ilə verilən istifadə edilməmiş müavinət, yardım və digər ödənclərə görə pul əvəzi verilmir.
Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda və həmin təqvim ilində işçi hər iki iş ilinə görə məzuniyyətdən birlikdə istifadə etdikdə müavinət, yardım və digər ödənclər hər iki məzuniyyət üçün verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığı ilə təqvim ili ərzində məzuniyyət hüququ olan işçiyə istifadə edilməmiş iş illərinə görə məzuniyyətlər verildiyi digər hallarda isə müavinət, yardım və digər ödənclər birqat ödənilir.
Əmək məzuniyyəti hissələrə bölünərək verildikdə müavinət, yardım və digər ödənclər işçinin arzusu ilə bu hissələrin birinə birləşdirilərək verilir. Bu ödənclər işçilərə onların faktiki işlədiyi vaxtdan asılı olmayaraq məzuniyyət verilərkən tam həcmdə ödənilir. Sosial və təhsil məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclər onların ailə-məişət şəraiti və maddi vəziyyəti nəzərə alınaraq ərizələri əsasında ödənilir.
Müavinət, yardım və digər ödənclərin verilmə qaydası və konkret miqdarı kollektiv müqavilədə, kollektiv müqavilə olmayan müəssisədə isə əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.
Ödənişsiz məzuniyyətlər və onların müddətləri
Misal 1: “A” müəssisəsi əmək müqaviləsi bağlayarkən əmək şəraitinin əlavə şərtləri kimi işçiyə məzuniyyətə çıxdığı zaman məzuniyyət haqqından əlavə orta əməkhaqqı məbləğində əlavə müavinətin verilməsini müəyyənləşdirib. İşçinin son iki ayda əməkhaqqı məbləği aşağıdakı şəkildə olub:
Aprel – 1.225 manat
May – 1.432 manat.
İşçi iyun ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə etdiyi zaman ona nə qədər məzuniyyət haqqı və müavinət ödəniləcəkdir?
Tutaq ki, işçinin son 12 aylıq dövrdə qazancı 18.433 manat olub.
Məzuniyyət haqqı belə hesablanacaq:
18.433:12 = 1.536 manat.
1536:30.4 = 50.53 manat.
50.53×30 (məzuniyyət günlərinin sayı) = 1.515,87 manat.
Müavinət: Qeyd etdik ki, işçiyə əmək müqaviləsinə əsasən orta əməkhaqqı məbləğində müavinətin verilməsi müəyyənləşdirilib. Ola bilər ki, işəgötürən aşağıdakı fərqli şəkildə müavinətin verilməsi ilə bağlı müddəalar müəyyənləşdirə bilər:
- orta əməkhaqqı məbləğində;
- işçinin tarif maaşı məbləğində;
- son ayın əməkhaqqı məbləğində;
- son 12 ayın orta əməkhaqqı məbləğində;
- digər müəyyənləşdirilmiş normalar həddində.
Hakimlər Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər olsalar da, nümunə olaraq qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əməkhaqqı məbləğində müavinət verilir.
Müavinətin verilib-verilməməsi, nəyə əsasən verilməsi, hansı miqdarda verilməsi və s. bu kimi məsələlər ya əmək müqavilələrində, ya da daxili qaydalar və ya normativ aktlarda öz təsdiqini tapmalıdır. Bizim nümunəmizdə əmək müqaviləsində məzuniyyət zamanı orta əməkhaqqı məbləğində müavinətin verilməsi öz əksini tapmışdır. Orta əməkhaqqının hesablanması zamanı son iki ayın gəlirləri əsas götürülür.
Orta əməkhaqqı: 1.225+1.432 =2.657 manat
21+18=39 iş günü
2.657:39 = 68,13 manat.
68,13×20 (iş günü)=1.362,56 manat.
Deməli, işçi məzuniyyətə çıxdığı zaman ona 1.515,87 manat məzuniyyət haqqı və 1.362,56 manat əlavə müavinət ödəniləcək.
Büdcədən maliyyələşdirilən təşkilatlarda müavinət, yardım və digər ödənclərin miqdarı bu təşkilatların saxlanması xərclərinin smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müəyyənləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq kollektiv müqavilədə nəzərdə tutulan müavinət, yardım və digər ödənclər müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə də tətbiq edilir. Müavinət, yardım və digər ödənclərin verilməsi qaydasının və miqdarının dəyişdirilməsi kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi qaydasında aparılır. Əgər kollektiv müqavilədə ona dəyişiklik və əlavələr edilməsi şərtləri müəyyən olunmayıbsa, müavinət, yardım və digər ödənclərin miqdarının dəyişdirilməsi kollektiv müqavilənin bağlanması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada aparılır.
Müavinət, yardım və digər ödənişlərin verilməsi əmək şəraitinin əlavə şərtləri kimi əmək müqaviləsində müəyyən edilə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.
Büdcədən maliyyələşən təşkilatlarda bu qaydalara uyğun olaraq müavinət, yardım və digər ödənclərin verilməsi həmin təşkilatların xərc smetalarının müvafiq maddəsində nəzərdə tutulmuş vəsait dairəsində büdcə vəsaiti, digər müəssisələrdə isə müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.
Mənbə: vergiler.az
Sosial məzuniyyətlər və onların müddətləri