Məzuniyyət haqqı müxtəlif aylara düşdükdə gəlir vergisinə necə cəlb edilir?

maliyyə yardımı, vergi güzəşti, Məzuniyyət haqqı,Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu kimi hallarda məzuniyyət haqqının gəlir vergisinə cəlb edilməsi ilə bağlı sualları misalla aydınlaşdırır.

Misal: Tutaq ki, işçi 26 iyun – 5 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manatdır, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat məzuniyyət haqqı və 700 manat əməkhaqqı hesablanıb. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlb edilmə hansı şəkildə olmalıdır?

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri, iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış əməkhaqqı məbləği ilə cəmlənərək gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır.

Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Banner

Misalımıza əsasən davam edək. İyun ayında işçi 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə müvafiq olaraq 830, 910, 860 manat olacaq. Başqa sözlə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də, aylar üzrə vergiyə cəlb ediləcək.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı / vergiler.az