İxtisar edilən işçiyə kompensasiya ödənişi

ƏDV-nin hesablanması,İşçinin ixtisar edilməsi həm işəgötürənlər, həm də işçilər arasında müəyyən sualların və hüquqi mübahisələrin yaranmasına səbəb olur. Burada maraq doğuran məsələlərdən biri də ixtisar edilən işçiyə kompensasiya ödənişidir. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

– bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

– bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

Banner

– beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

– on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:

– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

– beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

Misal 1: 4 il əmək stajına malik işçi 14 fevral 2019-cu ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad olunmağa dair bildiriş alıb. Məcəllənin 77-ci maddəsinə uyğun olaraq 4 təqvim həftəsi öncədən xəbardar edilib. İşçi ilə işəgötürənin razılığına əsasən, xəbərdarlıq müddəti əvəzinə əməkhaqqını birdəfəyə ödənilməklə əmək müaviləsinə xitam verilməsi qərara alınıb. İşçinin aylıq əməkhaqqı 1.980 manatdır.

Əmək Məcəlləsinin 177.2- ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İşçinin dekabr və yanvar aylarında aldığı əməkhaqqı:

1.980+1.980=3960 manat.
20+21= 41 gün
3.960 : 41 = 96,59 manat.

2019-cu ilin istehsalat təqviminə əsasən, orta aylıq iş günlərinin sayı 20,17-dir.

Deməli, orta əməkhaqqı belə hesablanır:

96,59 x 20,17= 1.948 manat.

Nümunədə işçinin 1 ildən 5 ilədək sosial sığorta stajı olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödənilir. Yəni:

1.948 x 1,4=2.727,2 manat.

Xəbərdarlıq müddəti əvəzinə müavinət isə 1.753,2 manat olacaq:

1.948 x 0.9=1.753,2 manat.

Cəmi: 2.727,2+1.753,2=4.480,4 manat.

Beləliklə, işçi ümumilikdə 4.480,4 manat müavinət alacaq.

Onu da, qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Mənbə: vergiler.az


Bax: