İstifadə edilməmiş məzuniyyət günləri barədə

Məzuniyyətin aktual olduğu bir dövr olduğu üçün bu yazımızda istifadə edilməmiş məzuniyyət günləri barədə qeyd edəcəyik. Mövcud qanunvericiliyə əsasən (Əmək Məcəlləsi 135) işçi müəyyən səbəblərdən iş ili üzrə müvafiq əmək məzuniyyəti günlərindən istifadə edə bilmədikdə həmin günlər işçinin razılığı ilə ya növbəti iş ili üçün əmək məzuniyyəti günləri ilə birləşdirilir, ya da həmin işi ili üzrə məzuniyyətə görə kompensasiya ödənilir. Məzuniyyət haqqının izahını əvvəlki yazımızda verdiyimiz üçün bu yazıda təkrarlamırıq.

Məqsədəuyğundur ki, işçi öz razılığı ilə iş ili ərzində istifadə etmədiyi əmək məzuniyyəti günlərini növbəti iş ili məzuniyyəti günlərinə birləşdirdikdə həm əsas, həm də əlavə məzuniyyət günlərinin işəgötürənin əmri yaxud müqaviləyə əlavə ilə birləşdiyinə əmin olsun (Bu hissəyə xüsusi diqqət yetirin).

Belə ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən yalnız əsas məzuniyyət günlərinə görə kompensasiya ödəmək öhdəliyi daşıyır. Halbuki işçinin bir iş ilində əmək stajına görə və ya əmək şəraitinin ağırlığına görə, habelə xanım işçilərin uşaqlarının sayına münasibətdə də əlavə məzuniyyət hüququ var. Mövcud qanunvericilik (Əmək Məcəlləsi 144) işçinin bu hüququnu nəzərə almadığı üçün işəgötürənlər tərəfindən müqaviləyə xitam verilməsi zamanı əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilmir. Bu halın qarşısını almaq üçün növbəti iş ilinə məzuniyyət günləri qoşularkən mütləq əlavə məzuniyyət günlərinin də qoşulması məqsədəuyğundur. Onu da qeyd edək ki, məhkəmə təcrübəsi baxımından əlavə məzuniyyət günlərinə görə ödənilən kompensasiya hüququ nəzərə alınmaqdadır. Sadəcə işçinin etməli olduğu məsələ həmin günlərin düzgün rəsmiləşmə ilə növbəti iş ilinə ötürülməsini izləməkdir.


İşləməyə icazə verilən yaş hədləri


Banner