Əməkhaqqından məcburi tutulmalardan biri də işsizlikdən sığorta haqqıdır. Mövzu ilə bağlı maraq doğuran məqamlara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.
İşsizlikdən sığorta tarifləri 30 iyun 2017-ci il tarixli, “İşsizlikdən sığorta haqqında” Qanunla tənzimlənir. İşsizlikdən sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
- işçi tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqısının 0,5 faizi;
- işəgötürən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi.
Misal 1: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam işləyən işçinin hər ay əməkhaqqısından tutulan işsizlikdən sığorta haqqı 4,5 manat təşkil edir:
900 x 0,5% = 4,5 manat
Misal 2: Əsas iş yeri kimi dövlət müəssisəsində 900 manat vəzifə maaşı ilə mühasib vəzifəsində çalışan və ay ərzində bütün iş günlərində (5 günlük iş rejimi) tam işləyən işçinin işəgötürən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı belə hesablanır:
900 manat x 0,5% = 4,5 manat.
Bu məbləğ hər ay işəgötürən tərəfindən işçinin xeyrinə ödənilir.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.
Mənbə: vergiler.az