Məlum olduğu kimi ölkə Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına əsasən əmək müqaviləsi bağlamağa icazə verilən yaş həddi 15 yaş olaraq müəyyən edilmişdir. Bu yaşda şəxs valideynlərindən (qəyyum) birinin razılığı əsasında əmək fəaliyyətinə cəlb edilə bilər. 15 yaşına çatmayan şəxsin isə əmək fəaliyyətinə cəlb edilməsi qadağan olmaqla yanaşı, bağladıqları müqavilələr də etibarsız hesab edilir. Bəs əmək fəaliyyətinə davam etməyin son yaş hədləri ilə bağlı hansı tələblər mövcuddur? Bu yazımızda mövcud qanunvericilik əsas tutmaqla məlumat verməyə çalışacağıq.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilir. Şəxsin çalışma müddəti 65 yaşdan sonra hər dəfə 1 il olmaqla, 5 il müddətinə uzadıla bilər. Elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində xüsusi xidməti olanlar üçün bu 5 illik müddət də uzadıla bilər.
Mövcud qanunvericilik əsas tutulmaqla demək mümkündür ki, aşağıdakı iş yerləri üzrə çalışmanın yaş hədləri ilə bağlı tələblər mövcuddur.
- Seçkilərdə iştirak etmək hüququ olan şəxslər (bu hüquq 18 yaşdan verilir) Prezident və deputat vəzifələrinə seçilə bilir.
- Konstitusiya Məhkəməsi hakimləri 30 yaşdan 70 yaşadək müddətə, məhkəmə hakimləri isə seçkilərdə iştirak hüququ yaranaraq vəzifəyə təyin olduqları vaxtdan Ali Məhkəmə üzrə 68, digər instansiya üzrə 66 yaşadək müddətə işləyə bilər.
- Prokurorluq, ədliyyə orqanlarına hüquq təhsilli şəxslər təyin edilir. Qulluğa qəbulun son yaş həddi 30 yaş (daxili işlər orqanları da həmçinin) müəyyən edilir. Xidmətdə olmanın son yaş həddi isə 60 yaşdır və 65 yaşadək uzadıla bilər.
- Həqiqi hərbi xidmət üzrə son yaş həddi müddətli hərbi xidmət qulluqçuları üçün 37, müddətdən artıq hərbi qulluqçular üçün 45, polkovnik rütbəli zabitlər üçün 53, general rütbəli zabitlər üçün 63 yaş müəyyən edilib. Ordu generalı üçün son yaş həddi müəyyən edilməyib. Bu yaş hədləri üzrə müddətlər yuxarı rəhbərliyin qərarı ilə uzadıla bilər.
Göründüyü kimi özəl sektor üzrə müvafiq vəzifələr üçün xidmət keçmənin xüsusi yaş hədləri ətraflı müəyyən edilmədiyi üçün yalnız bu tələblər dövlət sektoru üçün əsas hesab edilir.
İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?