İş ili və təqvim ili: fərqli xüsusiyyətləri

Aksizli mallarla bağlı qanun pozuntusu, yükdaşıma, ƏDV-dən azad olan əməliyyatlar, vergi, MDSS, ƏDV, uzunmüddətli borc,İqtisadi ədəbiyyatda, eləcə də sənədləşdirmə işlərində “iş ili” və “təqvim ili” terminlərindən geniş istifadə olunur. Bəs bunların bir-birindən fərqi nədir? Suala insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Əmək müqaviləsi əsasında çalışan hər bir işçi Əmək Məcəlləsində qeyd olunan bütün növ məzuniyyətlərdən istifadə edə bilər. Əmək məzuniyyəti ilə bağlı isə bu anlayışlara diqqət yetirmək zəruridir:

  • iş ili;
  • əsas və əlavə məzuniyyət günləri;
  • təqvim günləri.

Əmək məzuniyyəti iş ilinə görə müəyyən olunur. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, iş ili işçinin işə götürüldüyü gündən başlayır və növbəti ilin həmin günü başa çatır.

Misal 1: Tutaq ki, işçi “HR and Accounting Center” MMC-də 10 yanvar 2021-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul olunub. Deməli, həmin işçinin iş ili 10 yanvar 2022-ci il tarixdə tamamlanır. Bu halda işçinin iş ili əmək müqaviləsinin müvafiq bölməsində 10.01.2021-10.01.2022-ci il kimi qeyd olunacaq. Ancaq təcrübədə bəzən bu tarixlə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərdiyimiz misalda iş ili faktiki olaraq 10.01.2021 – 09.01.2022-ci il tarixləri arasında tamamlanır. Amma Əmək Məcəlləsinin 113-cü maddəsində konkret qeyd olunub ki, iş ili növbəti ilin həmin günü başa çatır. Ona görə də bizim misalımızdakı iş ilinin 10.01.2021-10.01.2022-ci kimi göstərilməsi daha məqsədəuyğun olar.

Banner

Bununla belə, iş ilinin müddəti əmək müqaviləsində hər iki formada qeyd oluna bilər, burada işçinin mənafeyi baxımından hüquqların hər hansı məhdudlaşdırılması baş vermir.

Bəzən təcrübədə “iş ili” və “təqvim ili” anlayışları yanlış anlaşılır. İş ili işçinin işə başladığı tarix ilə əlaqəlidir və işə başladığı tarixdən başlayır, növbəti ilin həmin günü başa çatır. Təqvim ili isə yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. Təcrübədə bəzən işçinin əmək məzuniyyətinə təqvim ilinin sonuna qədər çıxması tələbi irəli sürülür. Bu, birmənalı olaraq yanlışdır. İşçi iş ili başa çatdıqda müvafiq iş ilinə uyğun əmək məzuniyyətindən istifadə etməlidir.


Elektron ticarət qaydasında alınan mallara, işlərə və xidmətlərə görə vergi öhdəliyi


Misal 2: Tutaq ki, işçi 1 fevral 2021-ci il tarixində mühasib vəzifəsinə qəbul edilib. Bu halda iş ili 1 fevral 2021-1 fevral 2022-ci il tarixlərini əhatə etdiyinə görə həmin şəxs müvafiq iş ilinə uyğun olaraq əmək məzuniyyətini təqvim ilinin sonuna (31 dekbar 2021-ci il) qədər deyil, iş ilinin sonuna (1 fevral 2022-ci il) qədər istifadə etməlidir.

Əmək məzuniyyəti təqvim günləri ilə müəyyən olunur. “Təqvim günləri” dedikdə, istehsalat təqviminə əsasən, bütün günlər – iş günləri, istirahət günləri, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günləri nəzərdə tutulur. Əmək məzuniyyətinin təqvim günləri ilə müəyyən olunmasına baxmayaraq, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan yalnız iş günü hesab edilməyən bayram günləri əmək məzuniyyəti günlərinə daxil deyil. Beləliklə:

Əmək məzuniyyəti günləri = təqvim günləri – iş günü hesab edilməyən bayram günləri.

Misal 3: İşçi 20 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət edərək 1 mart 2022-ci ildən etibarən 10 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə etmək istəyir. Bu müraciət əsasında insan resursları mütəxəssisi ən azı 5 təqvim günü öncədən əmək məzuniyyəti ilə bağlı əmr hazırlayır. Əmrdə qeyd olunası məlumatlar isə Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən müəyyən olunmalıdır. Bu zaman 1 mart əmək məzuniyyətinin başlama tarixi, 11 mart bitmə tarixi, 12 mart isə işçinin işə başlama tarixi kimi qeyd olunmalıdır. Əmək məzuniyyəti 1 mart tarixindən başladığı halda, 10 təqvim günü martın 10-da bitir. Ancaq 8 Mart Beynəlxalq qadınlar günü iş günü hesab edilməyən bayram günüdür. Buna görə də həmin gün əmək məzuniyyəti günlərinə daxil edilmir. Nəticədə, əmək məzuniyyətinin bitmə tarixi 10 mart 2022-ci il deyil, 11 mart 2022-ci il, işçinin işə başlama tarixi isə 12 mart 2022-ci il tarixi müəyyən olunur (6 günlük iş vaxtı).

Bəzən 20 Yanvar Ümumxalq hüzn günü əmək məzuniyyəti günlərinə daxil edilmir, yəni həmin gün məzuniyyət günlərinə təsadüf etdikdə məzuniyyət günləri uzadılır. Bu, yanlışdır. Çünki Əmək Məcəlləsində bununla bağlı konkret müddəa yoxdur. Məcəllənin 114-cü maddəsinə əsasən, yalnız iş günü hesab edilməyən bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün məzuniyyət haqqı ödənilmir.


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?


Təcrübədə maraq doğuran məqamlardan biri də bu sualla bağlıdır: əmək məzuniyyəti gününün başlama tarixi istirahət günləri ola bilərmi?

Qanunvericilik buna yol verir. Tutaq ki, işçinin istirahət günü həftənin şənbə və bazar günləridir, işçi həmin günlər üçün tərəflərin qarşılıqlı razılığı əsasında əmək məzuniyyətindən istifadə edə bilər.

Əlavə olaraq qeyd edək ki, məzuniyyət təqvim günləri ilə müəyyən olunduğu üçün işçi həftənin bazar günündən başlayaraq 10 təqvim günü müddətində əmək məzuniyyətindən istifadə edə bilər. Çünki təqvim günlərinə istirahət günləri də daxildir.

Təcrübədə maraq doğuran daha bir məsələ növbəti ilin əmək məzuniyyəti ilə bağlıdır. Bəzən işçi müfaviq iş ilinin əmək məzuniyyətindən istifadə etdikdən sonra növbəti iş ili üçün də məzuniyyətə çıxmaq istəyir. Lakin bu, işçi məzuniyyət hüququndan istifadə etmək istədiyi növbəti iş ili başladıqdan sonra ola bilər.

Misal 4: İşçi 1 fevral 2021-ci ildə işə qəbul olunub: onun iş ili 1 fevral 2021-ci il – 1 fevral 2022-ci il müddətidir. Həmin iş ili üçün işçi əmək məzuniyyətindən tam istifadə edib. Buna baxmayaraq, 5 yanvar 2022-ci ildə növbəti iş ilinə (1 fevral 2022-ci il – 1 fevral 2023-cü il) aid əmək məzuniyyətindən istifadə etmək üçün işəgötürənə müraciət edir. Bu halda işçinin müraciəti qəbul olunmayacaq, çünki onun müraciəti 1 fevral 2022-ci ildən, yəni növbəti iş ilinin başlamasından əvvələ düşür.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az