Təcrübədə işəgötürənlər tərəfindən ən çox səhvə yol verilən hal işçinin əmək müqaviləsinə xitam verildiyi zaman istifadə edilməmiş məzuniyyət haqqı ödənilməməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.
Misal 1: Tutaq ki, 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsulundan istifadə etməklə işçiyə düşən məzuniyyət günlərini tapaq:
12 ay – 30 gün
9 ay – X gün
X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün
Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gündür.
Misal 2: İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi üçün xitam verilib. İllik əsas məzuniyyət müddəti 21 gün olan işçinin ötən ildən 8 gün qalığı var. O, cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.
12 ay – 21 gün
5 ay – X gün
X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün
İşçinin öncəki iş ilindən 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.
Bax:
Məcburi sosial sığortanı kimlər ödəyir?
Əmək məzuniyyəti ən tez nə zaman verilə bilər?
Hüquqi şəxsin təsisçisi eyni zamanda fərdi sahibkar kimi fəaliyyət göstərə bilər?
Əmək məzuniyyətinin verildiyi iş ilinin müəyyən olunması
İşçilərin attestasiyası hansı qaydada həyata keçirilir?
Yükdaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliyi nədən ibarətdir?