İşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi?

nahar fasiləsi“Nahar fasiləsi” deyəndə, adətən, saat 13-14 arası yada düşür. Bəs işçilərə fərqli vaxlarda və fərqli müddətlərdə nahar fasiləsi müəyyənləşdirilə bilərmi? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Suala aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik.

Məcəllənin 103-cü maddəsinin müddəalarına əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin vaxtı və müddəti isə müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və müddətini müəyyən etmək mümkün olmadıqda işəgötürən işçiyə nahar etməyə müvafiq şərait yaratmalıdır.

Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Maddənin 5-ci bəndində isə göstərilib ki, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

Banner

İşçilərə nahar fasiləsinin nə vaxt təyin edilməsi sualına gəlikdə, Əmək Məcəlləsinin nəzərdən keçirdiyimiz müddəalarına əsasən deyə bilərik ki, nahar fasiləsinin vaxtını, həmçinin müddətini müəyyənləşdirmək üçün işəgötürənin müəssisədə daxili intizam qaydalarını təsdiq etməsi, həmin qaydalarda iş vaxtı rejimlərini və nahar fasilələrini müəyyənləşdirməsi məqsəduyğun olardı. İşəgötürən işçini işə qəbul edərkən əmək müqaviləsində onun tutduğu konkret vəzifəyə, iş şəraitinə və intizam qaydalarına əsasən nahar fasiləsinin vaxtını və müddətini qeyd etməlidir.

Bəs eyni müəssisədə bir işçiyə 1 saat, digər işçiyə 2 saat nahar fasiləsi vermək olarmı?

Adətən, nahar fasiləsi praktiki olaraq hər yerdə 1 saat təyin edilir. Nahar fasiləsinin bu müddətdən az tətbiqi qəbuledilməzdir. Nahar fasiləsinin 2 saat təyin edilməsinə isə Əmək Məcəlləsində qadağa qoyulmayıb.

Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, bu, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Yəni əmək müqaviləsində nahar fasiləsinin müddətinin 2 saat təyin olunması qanunazidd deyil.



Misal 1: “AA” MMC həm ticarət fəaliyyəti, həm də istehsalatın ağır fəaliyyət sahələrinə aid edilən metal emalı ilə məşğuldur. “AA” MMC ticarətdə çalışan işçilərinə 1 saat, metal emalında çalışan işçilərinə isə 2 saat nahar fasiləsi tədbiq edə bilər. Bu, yuxarıda qeyd etdiyimiz kimi, müəssisənin daxili intizam qaydalarında və işçilərlə bağlanmış əmək müqaviləsində öz əksini tapmalıdır.

Bəs bir işçiyə saat 13:00-dan 14:00-dək, digər işçiyə isə 14:00-dan 15:00-dək nahar fasiləsi vermək olarmı? Bu kimi hallar üçün də qanunvercilikdə konkret norma və ya qadağa qoyulmayıb.

Misal 2: Tutaq ki, “BB” MMC əhaliyə xidmət göstərir. Burada fəaliyyətin fasiləsizliyinin təmin edilməsi və dayanmaların baş veməməsi üçün nahar fasilələri növbəli formada təyin edilir. Yəni, müvafiq növbə cədvəlinə uyğun olaraq bir işçi bir həftə 13:00-dan 14:00-dək, növbəti həftəd isə 14:00-dan 15:00-dək nahar fasiləsinə çıxa bilər.

Bütün bunlar daxili intizam qaydalarında, növbə cədvəllərində və əmək müqavilələrində öz əksini tapmalıdır.

Mənbə: vergiler.az