Sual: Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında 5 nəfər olmaqla cəmi il ərzində cəmi 120 nəfər, eləcə də illik gəliri 200 000 manatdan az olmuşdur. Belə olan halda həmin sahibkar mikro sahibkar meyarlarına uyğun gəlir, yoxsa o, kiçik sahibkar kateqoriyasına aid edilməlidir?
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.
Həmin meyarların “Qeydlər” bölməsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
Cavab: Bildiririk ki, işçilərin orta aylıq siyahı sayı müəyyən edilərkən işçilərin siyahı sayına daimi, müvəqqəti və ya mövsümi işə qəbul edilmiş, istər faktiki olaraq işləyən, istərsə də hər hansı bir səbəbdən müvəqqəti olaraq işdə olmayan (növbəti, əlavə və tədris məzuniyyətlərində olan, xəstəlik üzündən işə gəlməyən, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlar və s.) əmək müqavilələri qüvvədə olan ümumi işçilərinin sayı aid edilir. Bu zaman vergi ödəyicisinin əvəzçilik üzrə işləyən işçiləri və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər orta aylıq siyahı sayına daxil edilmir.
Hesablama qaydası: Siyahı tərkibində olan işçilərin orta sayı = Aydakı bütün günlər üçün siyahı saylarının cəmi / Aydakı təqvim günlərinin sayı.
Ay ərzində vergi ödəyicisi tərəfindən işçilərin işdən çıxarılması və ya işə qəbulu halları olduğu halda işçilərin orta aylıq siyahı sayının müəyyən edilməsi;
Nümunə: Yanvar ayının 1-də müəssisənin siyahı tərkibində 205 nəfər olmuş, yanvar ayının 6-da 15 nəfər işə götürülmüş, yanvar ayının 16-da 5 nəfər işdən çıxarılmış və yanvar ayının 29-da 10 nəfər yenidən işə götürülmüşdür.
Hesablama qaydası: Yanvar ayı üçün siyahı tərkibində olan işçilərin orta sayı = (205 * 5 + 220 * 10 + 215 * 13 + 225 * 3) / 31 = 216 nəfər.
İşçilərin orta illik siyahı sayının müəyyən edilməsi zamanı sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ayların sayından, yəni faktiki olaraq bütün il üzrə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq orta aylıq işçilərin sayı toplanaraq 12-yə bölünməlidir.
Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 14/06 nömrəli və “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarları.
Bax:
Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?
Hədiyyə bağışlanan şəxsin hansı vergi öhdəlikləri olur?
Əsas vəsaitlərin alışı zamanı nələrə diqqət yetirilməlidir?
Amortizasiya ayırmalarının gəlirdən çıxılması
Mallar və inventarların hərəkət dövriyyəsi elektron olduqda sənədlər çap edilmədən tətbiq edilə bilərmi?
POS-terminallarla qəbul edilən məbləğlər necə rəsmiləşdirilir?
Təsisçinin borcu nağd şəkildə qaytarıla bilər?
Əmək məzuniyyətindən geri çağırılma halları
- Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?