İcbari tibbi sığorta haqlarının dərəcələri

icbari tibbi sığorta haqları,İcbari tibbi sığorta – əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. Ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 1 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

İcbari tibbi sığorta haqqı hər ay üçün əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda hesablanmalı, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilməlidir. Hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Misal 1: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqısı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqısından 1%, yəni 8 manat (800*1%=8), öz vəsaiti hesabına 1%, yəni 8 manat (800*1%=8), ümumilikdə isə 2% olmaqla 16 manat (800*2%=16) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Banner

Misal 2: Özəl müəssisədə muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqısı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqısından 1%, yəni 80 manat (8000*1%=80), öz vəsaiti hesabına 1%, yəni 80 manat (8000*1%=80), ümumilikdə isə 2% olmaqla 160 manat (8000*2%=160), qalan 600 manatdan isə işçinin əməkhaqqısından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqısından 83 manat (80+3), öz vəsaiti hesabına 83 manat (80+3) olmaqla, ümumilikdə 166 manat məbləğində (83+83=166) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə icbari tibbi sığorta haqlarının dərəcələri

Sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi, sığortaedənin vəsaiti hesabına isə sığortaolunanın sığorta haqqına cəlb edilən aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 0,5 faizi dərəcəsi ilə icbari tibbi sığorta haqqı tutulur.

Misal 3: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqısı (əlavələr, mükafat və s. daxil olmaqla) 800 manat olmuşdur. Bu halda sığortalı (işəgötürən) tərəfindən işçinin aylıq əməkhaqqısından 2%, yəni 16 manat (800*2%=16), öz vəsaiti hesabına 2%, yəni 16 manat (800*2%=16), ümumilikdə isə 4% olmaqla 32 manat (800*4%=32) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır.

Misal 4: Dövlət müəssisəsində muzdla işləyən sığortaolunanın (işçinin) əsas iş yerində aylıq əməkhaqqısı (əlavələr, mükafat və s. daxil olmaqla) 8.600 manat olmuşdur. Bu halda, sığortalı (işəgötürən) tərəfindən əməkhaqqının 8.000 manat olan hissəsindən sığortaolunanın (işçinin) əməkhaqqısından 2%, yəni 160 manat (8000*2%=160), öz vəsaiti hesabına 2%, yəni 160 manat (8000*2%=160), ümumilikdə isə 4% olmaqla 320 manat (8000*4%=320), qalan 600 manatdan isə işçinin əməkhaqqısından 0,5%, yəni 3 manat (600*0,5%=3), öz vəsaiti hesabına 0,5%, yəni 3 manat (600*0,5%=3), ümumilikdə isə 1% olmaqla 6 manat (600*1%=6) icbari tibbi sığorta haqqı hesablanaraq tutulacaqdır. Nəticədə işçinin əməkhaqqısından 163 manat (160+3), öz vəsaiti hesabına 163 manat (160+3) olmaqla, ümumilikdə 326 manat məbləğində (163+163=326) icbari tibbi sığorta haqqı hesablayanaq tutulacaqdır.

Əməkhaqqı istisna olmaqla digər mənbələrdən hesablanan icbari tibbi sığorta haqqı

• Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4%-i miqdarında (2021-ci ildə ölkədə minimum aylıq əməkhaqqı 250 manat olduğu üçün bu şəxslər üzrə icbari tibbi sığorta haqqının aylıq məbləği 10 manat, illik məbləği isə 120 manat olacaqdır);

• Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutulmaqla aylıq gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2%-i, 8.000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

Misal 5: “X” müəssisəsi tərəfindən vergi uçotunda olmayan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayaraq onu təmir işinə cəlb etmiş və bu işin müqabilində ona 900 manat ödəniş etmişdir. Bu halda müəssisə tərəfindən həmin fiziki şəxsə edilən 900 manat ödənişdən ödəmə mənbəyində 2% dərəcə ilə 18 manat məbləğində (900*2%=18) icbari tibbi sığorta haqqı hesablanaraq tutulmalı, növbəti ayın 15-dən gec olmayaraq aidiyyəti fonda ödəməli və bu barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə hesablanan icbari tibbi sığorta haqqı

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və respublika ərazisinə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinə görə 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir. Bu vergi ödəyiciləri tərəfindən qeyd edilən mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsi (hesabatı)” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 6: Azərbaycan Respublikasının ərazisində benzinin və dizel yanacağının istehsalı ilə məşğul olan “X” müəssisəsi cari ilin yanvar ayında 10.000 litir avtomobil benzini və 12.000 litr dizel yanacağı istehsal edərək topdan satmışdır. Bu halda avtomobil benzininə görə 200 manat (10000*0,02=200), dizel yanacağına görə isə 240 manat (12000*0,02=240), ümumilikdə isə 440 manat məbləğində (200+240=440) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannaməsini (hesabatı)” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Aşağıda sadalanan aksizli mallar üzrə qeyd edilən dərəcələrlə icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.

• araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı məbləğində;

• pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı məbləğində;

• siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı məbləğində;

• energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində.

Aksizli malların ödəyiciləri tərəfindən aksizlərə cəlb edilən həmin mallar üzrə sığorta haqqı aylıq olaraq hesablanmalı, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Aksiz bəyannaməsi” təqdim edilməli və hesablanmış sığorta haqqı həmin müddətdə aidiyyəti fonda ödənilməlidir.

Misal 7: Aksizli malların ödəyicisi olan “X” müəssisəsi tərəfindən cari ilin yanvar ayında 100 litr araq, 250 litr alkoqollu pivə və 100 litr energetik içki istehsal edilərək satılmışdır. Bu halda arağa görə 6,4 manat (100*3,2*0,02=6,4), alkoqollu pivəyə görə 5 manat (250*0,4*0,05=5), energetik içkiyə görə 31 manat (100*3,1*0,1=31), ümumilikdə isə həmin mallar üzrə 42,4 manat məbləğində (6,4+5+31=42,4) icbari tibbi sığorta haqqı hesablanmalı, növbəti ayın 20-dən gec olmayaraq aidiyyəti fonda ödənilməli və həmin müddətdə “Aksiz bəyannaməsi” uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az


Bax: