İcbari auditlə bağlı yanlış yanaşma nəyə gətirir?

icbari auditMaliyyə hesabatlarının icbari auditi əsasən orta və iri sahibkarlıq subyektlərinə şamil olunur (Bax: https://www.muhasibat.az/mmc-lerin-mecburi-auditden-kechmesi/) İşçilərinin sayı 50 nəfərdən və ya illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. “A Audit and Consulting” MMC-nin direktoru, auditor Rüfət Əliyev icbari auditin subyektləri və onların vəzifələrini şərh edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Bu isə o deməkdir ki, bəzən işçi sayı 50 nəfərdən və ya illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan az olan müəssisələr də icbari auditin subyekti ola bilir. Çox təəssüf ki, bir çox sahibkar və ya mühasiblərin bu barədə məlumatsızlığı və ya natamam bilgiyə sahib olması sonda şirkətin cərimələnməsi ilə nəticələnir. Belə ki, adətən bu kimi proseslərin nəticəsi iki haldan kənar olmur. Ya icbari auditdən yayınılır, ya da ki, audit prosesi vaxtında təşkil edilmir. İndi isə misallarla hansı hallarda auditin təşkilinin dövriyyədən və işçi sayından asılı olmadığını göstərək.

Misal 1: “A” şirkətinin illik dövriyyəsi 1 250 055 manat, işçi sayı isə 19 nəfərdir. Onun tabeliyində 2 000 756 manat gəlirə və 12 nəfərlik işçi heyətinə malik “B” şirkəti olduğundan, A şirkəti hər il üçün sonrakı ilin iyun ayının 30-dan gec olmayaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını kənar audit yoxlamasından keçirməlidir.


Səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis hansı hallarda cəlb edilir?


Misal 2: “C” şirkətinin illik gəlirləri 1 375 000 manat, işçi sayı isə 11 nəfərdir. Şirkətin törəməsi olan “D”şirkəti isə 45 000 manat gəlirə və 2 nəfər işçiyə sahibdir. Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarının 3.1-ci bəndinə əsasən, “C” şirkəti illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidir.

Banner

Misallarda diqqət etdinizsə, “A” şirkətinin illik gəlirləri törəməsi ilə birgə 3 millyon manatı keçsə də “C” şirkətində bu meyar baş tutmayıb. Amma, hər iki şirkət Nazirlər Kabinetinin qeyd etdiyimiz qərarına əsasən icbari auditin subyekti olub. Bu isə o deməkdir ki, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına malik təsərrüfat subyektlərində işçi sayı və illik gəlirlər meyar olaraq nəzərə alınmır. Yəni, şirkətin istər ayrılıqda, istərsə də törəmə müəsissələri ilə birlikdə illik gəlirləri 3 milyondan az olsa da hər il üçün birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etmək öhdəliyi vardır.

Təcrübədə törəmə şirkətlərə ayrılıqda icbari auditin tətbiqinə də rast gəlinir.

Misal 3: “Qamma” şirkəti “Alfa” şirkətinin tabeliyində fəaliyyət göstərir və 2022-ci ili 3 milyondan yuxarı dövriyyə ilə bitirib. Bu, “Qamma” şirkətinin cari ilin aprel ayının 30-dək maliyyə hesabatlarını kənar auditor rəyi ilə təqdim etməli olduğunu göstərir. Müvafiq olaraq “Alfa” şirkəti də iyun ayının 30-dan gec olmayaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim etməlidir.

Məlumat üçün qeyd edək ki, icbari auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda (Bax: https://vergi.az/mmc-lerin-mecburi-auditden-kechmesi/) həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Vaxtında həyata keçirilməyən auditə görə isə İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə – vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az