Hansı vəzifələrimiz var?

birbank biznes

Azərbaycan Respublikası Konstitusiyasının 4-cü fəsli vətəndaşların vəzifələrini ifadə edir. Konstitusiyaya görə hər bir şəxs qanunvericiliyə əməl etməli, başqalarının hüquq və azadlıqlarına hörmət bəsləməlidir. İstər ali hüquqi sənəd, istərsə də digər qanunvericilik aktlarında xüsusi vurğulanan hal budur ki, qanuni bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi şəxs bilmədiyi qanunvericilik normalarını pozduğu halda məsuliyyət tədbirləri ilə üzləşəcəyindən xəbərsizdir. Bunu nəzərə alaraq başlıca vəzifələri vurğulamağı özümüzə borc bilərək bu yazını təqdim edirik.

Vergi və digər məcburi ödənişlərlə bağlı vəzifələr

Başlıca konstitusion vəzifələrdən olduğu üçün hər bir şəxs bu ölkədə yaşadığı üçün həyata keçirdiyi sahibkarlıq fəaliyyəti və ya mülkiyyətində olan əmlaka görə vergi və digər ödənişləri vermək öhdəliyi daşıyır. Sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər mütləq bilməlidir ki, bu fəaliyyətin icrası ilə əlaqədar mütəmadi olaraq əldə edilən gəlirdən, gəlir və xərclər çıxdıqdan sonra qalan mənfəətdən, mülkiyyətdə olan əmlakdan vergiləri Vergi Məcəlləsi ilə göstərilən dövriliklə ödəməlidir. Məqsədəuyğundur ki, bu öhdəliklərə xüsusi diqqət yetirilsin, çünkü bu vergilər dövlər büdcəsinin əsaslarından biridir və ödənilməməsi inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Lisenziyalaşdırılma ilə bağlı vəzifələr

Sahibkarlıq subyektləri istənilən fəaliyyətlə hər hansı şəxs və ya qurumların müdaxiləsi olmadan məşğul ola bilər. Sadəcə olaraq mövcud qanunvericilik bir sıra fəaliyyət növlərinin həyata keçirilməsi üçün lisenziya və ya icazə tələbi müəyyən etmişdir. Buna müvafiq olaraq şəxs lisenziya tələb edilən fəaliyyətlə məşğul olduğu təqdirdə sanksiyalara məruz qalacaqdır. Ölkə üzrə bütün vergilərin vahid toplusu Vergi Məcəlləsi olduğu kimi bütün lisenziya tələbi qoyulan normativ akt isə Lisenziyalar və icazələr haqqında Qanundur. Bu hüquqi akta əsasən tələb edilən lisenziya əldə edildikdən sonra müvafiq fəaliyyətlə məşğul olmaq mümkündür.

Rüsumların ödənilməsi

Dövlət xidmətlərindən istifadə özəl sektorda olduğu kimi ödənişli və ya ödənişsiz ola bilir. Ödənişli fəaliyyət üzrə isə mütləqdir ki, Dövlət rüsumu haqqında qanunun tələbinə əsasən müəyyənləşdirilmiş dövlət rüsumları ödənilsin. Müvafiq ödənişlər olmadığı təqdirdə, xidmətlərin həyata keçirilməsindən imtina edilir.

İnzibati xəta və cinayət əməli sayılan hallara görə məsuliyyət

Hər kəs mövcud qanunvericiliyə əsasən İnzibati xətalar məcəlləsində göstərilən əməllərə görə inzibati, cinayət məcəlləsində göstərilən əməllərə görə isə cinayət məsuliyyəti daşıyır. Bu kimi məsuliyyət tədbirlərinə məruz qalmamaq üçün qanun pozuntusu sayılan əməllərdən çəkinmək məqsədəuyğundur.



Sığorta öhdəlikləri

Tətbiqinə başlanılan və ödənilməməsi müvafiq sanksiyalara məruz qoyan icbari sığorta növləri üzrə müəyyən edilmiş dövriliklə sığorta müqavilələrinin bağlanması mütləqdir.  Digər halda ödənilməmə məbləğindən asılı olaraq ağır sanksiyalar da müəyyən edilib. Bunlardan avtomobil sahiblərinin mülki məsuliyyət, daşınmaz əmlak sahiblərinin icbari əmlak, sahibkar olan əmlak sahiblərindən əmlaka görə mülki məsuliyyət, işçilərə görə istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən, həmçinin işsizlikdən sığorta ilə yanaşı tibbi sığorta da icbaridir. Bu sığortalardan yan keçmək qeyri-mümkün olduğu üçün müvafiq öhdəliklərə də riayət edilməlidir.

Nağdsız hesablaşmalarla bağlı öhdəliklər

Ölkədə təbliği yüksək səviyyədə aparılan nağdsız ödənişlərin mütləqliyini nəzərə alaraq Nağdsız hesablaşmalar haqqında qanuna müvafiq olaraq əksər ödənişlərin yalnız nağdsız aparılmasının zəruriliyi nəzərə alınmalıdır. Əks halda əvvəlki yazılarımızda nəzərdə tutulan sanksiyalarla qarşılaşmaq mümkündür.

Pul köçürmələri üzrə öhdəliklər

Ölkə qanunvericiliyə əsasən bir sıra köçürmələr xüsusi diqqətdədir. Belə ki, ölkədən xaricə pul köçürmələri zamanı sahiblarlar göstərilən xidmət və ya alınan mala görə ödənilən məbləğ həcmində sanksiyaya da məruz qalma riskini daşıyır. Belə ki, alınan mal mövcud normativ tələblərə əsasən ödənişdən 720 gün müddətində gömrük daxil olmasına düşməzsə, sahibkar müvafiq sanksiyalarla üzləşir. Bu səbəbdən də müvafiq tələbləri nəzərə almaq lazımdır. Bununla yanaşı cinayətkar fəaliyyəti və ya terrorçuluğu maliyyələşdirmə də müvafiq sanksiyaların tətbiqinə əsas verir.

Miqrasiya öhdəlikləri

Ölkə xaricinə çıxan hər bir şəxs bilməlidir ki, getdiyi ölkədə viza tələb edilir ya yox. Yaxud tələb edilmədiyi halda vizasız xarici ölkədə qalma müddəti dəqiqləşdirilməlidir. Bunun üçün Xarici işlər nazirliyi ilə (rəsmi internet səhifəsində də göstərilir) bunu daha dəqiq müəyyən etmək mümkündür. O cümlədən xarici ölkədən gələn əcnəbilər üçün ölkədə tətbiq edilən viza rejimi Miqrasiya Məcəlləsi ilə ətraflı tənzimləmişdir.

Əmək hüquqi öhdəliklər

Hər bir əmək qanunvericiliyi üzrə öhdəliklər əvvəla əmək müqaviləsi ilə, daha sonra isə Əmək Məcəlləsi ilə tənzimlənir. İşçi və işəgötürən öz üzərinə düşən vəzifələri daha dəqiq məcəllə ilə müəyyən edə bilər. Xüsusi ilə vurğulamaq zəruridir ki, əmək hüququ konstitusion hüquq olduğu kimi bu hüququn həyata keçirilməsinə maneələr yaradılması üzrə sanksiyalardan qaçmaq üçün məcəlləyə riayət etmək mütləqdir.

Göründüyü kimi istənilən sahiblarlıq subyekti fəaliyyət göstərəcəyi sahə üzrə normativ bazadan xəbərdar olmalı, sanksiya əmələ gətirən halları dəqiqləşdirməli və fəaliyyətini qanunvericiliyə uyğunlaşdırmalıdır ki, fəaliyyətindən fayda əldə də bilsin, həmçinin bu fəaliyyəti onun təkmilləşməsinə imkan verə bilsin.


Xüsusi statuslu şəxslər barədə