Sahibkarlığın inkişafı üçün güzəştli kredit götürmə qaydaları
Konstitusiyanın 59-cu maddəsinin 1-ci hissəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Göründüyü kimi Azərbaycan Respublikasında vətəndaşların azad sahibkarlıq hüququ Konstitusiya ilə birbaşa tənzimlənmişdir.
Bu yazımızda Azərbaycan Respublikası Prezidentinin 04.06.2020-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydasından (https://president.az/articles/39024) irəli gələn başlıca məsələləri izah etməyə çalışacağıq.
Əvvəla qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (edf.gov.az) tərəfindən güzəştli kreditlər sahibkarların ölkədə prioritet təşkil edən istiqamətlər üzrə (Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə) həyata keçirəcəyi investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə verilir.
Bu növ güzəştli kreditlər üzrə əsas məqamlar aşağıdakı kimidir:
– kredit Fondun müvəkkil kredit təşkilatları (siyahı üçün adres http://edf.gov.az/az/content/31) tərəfindən öz vəsaitləri və öz riskləri hesabına tam və ya mərhələli şəkildə verilir. Sahibkar kredit almaq üçün həmin təşkilatlara müraciət etməlidir.
– Kredit təşkilatları sahibkara müraciətin qeydiyyata alınması barədə sənəd verir və müəyyən edilmiş meyarlar üzrə (biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında) investisiya layihəsini təhlil etdikdən sonra maliyyələşdirmənin edilib-edilməməsi barədə qərarını bildirir.
– Müsbət qərar verilmiş layihələr Fonda göndərilir ki, bu layihələr üzrə Fond əlavə sənəd və məlumatlar tələb edə bilər. 10 iş günü müddətində layihələrin ekspertizası aparıldıqdan sonra Fond maliyyələşdirmə barədə öz qərarını kredit təşkilatına bildirir.
– Fonddan da müsbət qərar almış sahibkara vəsaitin verilməsi üçün Fond maliyyələşməni 3 iş günü müddətində kredit təşkilatına edir. Təşkilat isə 5 iş günü müddətində sahibkara vəsaiti köçürür.
– Kreditlər kiçik (5 min – 50 min manat – 3 ilədək), orta (50 min-1 milyon manat – 5 ilədək) və böyükhəcmli (1 milyon-10 milyon manat- 10 ilədək) olaraq verilir.
– Kreditin illik faiz dərəcəsi Fond üzrə 1%, kredit təşkilatı üzrə 4%, ümumilikdə 5%-dək müəyyən edilir.
– Yalnız faizlərin ödəniləcəyi güzəşt müddəti investisiya layihəsi üzrə nağd pulun hərəkəti əsasında məlumata uyğun olaraq müəyyən edilir və kreditdən istifadə müddətinin yarısını əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Fond tərəfindən müəyyən edilmiş sahələr üzrə isə güzəşt müddəti kreditdən istifadə müddətinin yarısını təşkil edir.
– Sahibkarlar güzəşt müddətində faizi, sonra isə aylar üzrə bərabər hissələrə bölünmüş əsas borcu ödəyir.
– Kredit təşkilatları ildə 2 dəfə investisiya layihəsi üzrə kreditdən istifadənin monitorinqini apara bilər. Əgər kreditin təyinata uyğun olmayan istifadəsi müəyyən edilərsə, kredit təşkilatı kreditin təyinatı üzrə istifadə edilməyən hissəsini və faiz borcunun ödənilməsini vaxtından əvvəl tələb etməlidir.
Onu da qeyd edək ki, sahibkarlar avadanlığı yeniləmək və ya yenisinin alınması üçün (avadanlığın girov qoyulması yolu ilə) də güzəştli kredit ala bilər. Bu növ kredit üzrə şərtlər isə fərqlidir. Həmin şərtləri təqdim edirik:
– Kredit 5000 – 3 milyon manat aralığında olur və 5 ilədək verilir.
– Kreditin illik faiz fərəcəsi 9%-dən (2% Fond, 7% kredit təşkilatı), güzəşt müddəti isə 12 aydan çox olmamalıdır.
– Təminat kimi qoyulan avadanlıqlar kredit təşkilatının xeyrinə yüklü edilir və kredit yalnız yeni avadanlıq alınması üçün verilir.
– Sahibkar avadanlığın satış dəyərinin 20%-i (yerli istehsal avadanlıq üzrə 10%) məbləğində kredit təşkilatına ilkin ödəniş edir. Ümumi məbləğ avadanlığın satıcısının bank hesabına tam və ya hissə-hissə (satış müqaviləsi şərtlərinə uyğun) ödənilir.
Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov
Bax: Hüquqi şəxs icarəyə götürdüyü torpağa görə torpaq vergisi ödəməlidirmi?