Gec ödənilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyasının tətbiqi hansı hallar üçün nəzərdə tutulur?

birbank biznes

Gec ödənilmiş ƏDV məbləğiMövzunu “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə şərh edir.

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən alınan malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Maddənin tələblərini daha aydın başa düşmək üçün Vergi Məcəlləsinin 175.1.3- cü maddəsinə nəzər yetirək. Belə ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği Vergi Məcəlləsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Maddənin tələblərindən göründüyü kimi alınmış mallar üzrə ödəmələr həyata keçirilərkən ƏDV məbləğinin əsas məbləğə münasibətdə gec ödənilməsi halında vergi ödəyicisinə maliyyə sanksiyası nəzərdə tutulmuşdur. Lakin, malların (iş və xidmətlərin) əldə edilməsi ilə bağlı əvvəlcədən ödənilmiş avans əsas məbləğlərə münasibətdə avans ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunub-olunmaması bir çox hallarda mütəxəssislər arasında anlaşılmazlıqların yaranmasına səbəb olur. Belə ki, malların dəyəri malların təqdim edildiyi, yəni elektron qaimə-fakturanın alındığı vaxtadək ödənildiyi halda malların təqdim edilməsinədək avans ƏDV məbləğinin avans əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmamışdır.

Misal 1: “A” MMC müqavilə əsasında “B” MMC-yə 10.000 manat (ƏDV-siz) dəyərində mal təqdim edib. “B” MMC 29.08.2022- ci il tarixində 10.000 manat vəsaiti satıcının bank hesabına, 30.08.2022- ci il tarixində 1.800 manat ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına köçürüb. Bu halda vəsaiti köçürən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, gec ödənilmiş ƏDV məbləğinin, yəni 1.800 manatın 50 faizi miqdarında – 900 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Misal 2: “A” MMC müqavilə əsasında “B” MMC- yə 20.000 manat (ƏDV-siz) dəyərində malın alışı üçün 20.08.2022-ci il tarixində avans qaydasında əsas məbləğin ödənişini həyata keçirib. Lakin avans ƏDV məbləğini 25.08.2022- ci il tarixində satıcının ƏDV depozit hesabına köçürüb və mallar alıcıya 27.08.2022- ci il tarixində təqdim edilib. Göründüyü kimi, malların dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi üçün gec ödənilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az


Ezamiyyə haqqının hesablanması